MSK-da İslam Əməkdaşlıq Təşkilatının nümayəndə heyəti ilə görüş keçirilib

05 fevral 2024 16:54

Növbədənkənar prezident seçkilərini izləmək üçün Azərbaycana gələn İslam Əməkdaşlıq Təşkilatının (İƏT) nümayəndə heyəti fevralın 5-də Mərkəzi Seçki Komissiyasında (MSK) olub.

MSK-nın sədri Məzahir Pənahov İƏT-in nümayəndə heyətinin rəhbəri, qurumun Baş katibinin siyasi məsələlər üzrə köməkçisi Yousef Aldobeay ilə görüşdə seçki prosesi barədə məlumat verib. Bildirib ki, Azərbaycanda seçicilərin sayı altı milyondan çoxdur və onlar 6537 məntəqədə səs verəcəklər. O, bütün məntəqələrin lazımi şəkildə təchiz olunduğunu və səsvermə üçün bütün lazımi şəraitin yaradıldığını deyib.

MSK sədri ümumilikdə 90 mindən çox müşahidəçinin qeydiyyatdan keçdiyini, hər məntəqəyə 13-14 nəfər müşahidəçinin düşdüyünü diqqətə çatdırıb.

O, Azərbaycanda keçirilən seçkilərdə bir çox beynəlxalq təsisatın və dünyanın nüfuzlu media subyektlərinin nümayəndələrinin iştirak etdiklərini diqqətə çatdırıb. Qeyd edib ki, seçkilərlə bağlı geniş spektrdə maarifləndirilmə tədbirləri keçirilir.

İƏT-in nümayəndə heyətinin rəhbəri Yousef Aldobeay Azərbaycanda olmaqdan və prezident seçkilərində iştirak etməkdən məmnunluğunu ifadə edib. O deyib ki, Azərbaycan İslam Əməkdaşlıq Təşkilatının fəal üzvüdür. Təşkilata üzv ölkələr demokratiyanı bütünlüklə dəstəkləyir. Seçkilərdə yüksək texnologiyalardan istifadə Azərbaycanda seçkilərin şəffaf şəkildə keçiriləcəyini göstərir.

Nümayəndə heyətinin rəhbəri Azərbaycanda prezident seçkilərinin uğurla keçiriləcəyinə əminliyini ifadə edib.

Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər barədə də fikir mübadiləsi aparılıb.

AZƏRTAC