Tez-tez verilən suallar

Sual: Adımı seçicilər siyahısında necə yoxlaya bilərəm?

Cavab: Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının rəsmi internet səhifəsində axtarış verərək və ya Mərkəzi Seçki Komissiyasının 115 nömrəli qaynar xəttinə zəng vuraraq, habelə səsvermə gününə 35 gün qalanadək ərazisində yaşadığınız müvafiq dairə seçki komissiyasına müraciət edərək adınızın seçici siyahısında olub-olmamasını öyrənə bilərsiniz. Eyni zamanda adınızın seçici siyahısında olub-olmamasını səsvermə gününə 35 gün qalmış müvafiq seçki məntəqəsinin ərazisindəki məlumat lövhələrində yerləşdirilmiş seçici siyahılarında da yoxlaya bilərsiniz.

Sual: Səs verməli olduğum seçki məntəqəsinin ünvanını necə öyrənə bilərəm?

Cavab: Səs verəcəyiniz seçki məntəqəsinin ünvanı seçicilərə çatdırılan bildirişlərdə qeyd olunur. Seçki məntəqəsinin ünvanını, həmçinin ərazisində yaşadığınız müvafiq dairə seçki komissiyasına müraciət etməklə, Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının rəsmi internet səhifəsində axtarış verməklə və ya Mərkəzi Seçki Komissiyasının 115 nömrəli qaynar xətti vasitəsilə öyrənə bilərsiniz.

Sual: Səhhətimə görə və ya digər üzrlü səbəbdən seçki günü səs vermək üçün seçki məntəqəsinə gələ bilmədikdə necə səs verə bilərəm?

Cavab: Azərbaycan Respublikası Seçki Məcəlləsinin 105-ci maddəsinə əsasən seçki günü səhhətinə görə və ya digər üzrlü səbəblərdən seçki məntəqəsinə gələ bilməyən və­tən­daş­ların daşınan seçki qutusu ilə səsvermə otağından kənarda səs vermək hüququ vardır. Səs­ver­mə otağından kənarda səs vermək istəyən şəxs özü və ya digər şəxs vasitəsi ilə seçki gününə ən azı 24 saat qalmış bu barədə müvafiq məntəqə seçki komissiyasına ya­zılı və ya şifahi müraciət etməlidir. Seçki günü məntəqə seçki komissiyasının azı 2 üzvü, müşahidəçilərin iştirakı ilə, daşınan seçki qutusunu göstərdiyiniz ünvana gətirir və beləliklə səsvermədə iştirak etmək hüququnuz təmin edilir.

Sual: Səs verərkən seçicinin barmağının gözə görünməyən mürəkkəblə işarələnməsi məcburidirmi?

Cavab: Seçicinin barmağının gözə görünməyən mürəkkəblə işarələnməsi Azərbaycan Respublikası Seçki Məcəlləsinin tələbidir. Belə ki, Seçki Məcəlləsinin 104.6-cı maddəsinə əsasən seçiciyə seçki bülleteni vermədən öncə onun sol əlinin baş barmağının dırnaq və dərisinin bir hissəsi gözə görünməyən mürəkkəblə işarələnməlidir. Barmağının işarələnməsindən imtina edən seçiciyə seçki bülleteni verilmir və ondan seçki məntəqəsini tərk etməsi tələb olunur. Bu barədə seçici siyahısında "işarələnmədən imtina etdi" qeydi aparılır.