Milli Məclisə seçkilər – 2020

AZƏRBAYCAN RESPUBLİKASI
MƏRKƏZİ SEÇKİ KOMİSSİYASININ
HESABATI


Milli Məclisə seçkilər – 2020

www.msk.gov.az
www.cec.gov.az
www.infocenter.gov.az



Azərbaycan Respublikasının Milli Məclisinə 2020-ci il fevralın 9-da keçirilən azad və ədalətli seçkilər ölkəmizin ən yeni tarixində əlamətdar ictimai-siyasi hadisəyə çevrildi. Seçkilərin hazırlanıb keçirilməsinə bilavasitə məsul olan qurum kimi Mərkəzi Seçki Komissiyası (MSK) bütün fəaliyyətini Seçki Məcəlləsinin tələbləri əsas götürülməklə Komissiya tərəfindən hazırlanıb təsdiq edilən Təqvim Planına uyğun ardıcıl, sistemli və keyfiyyətlə gerçəkləşdirdi. Seçki prosesinin mühüm mərhələləri olan seçicilər siyahısının dəqiqləşdirilməsi, normativ-hüquqi bazanın təkmilləşdirilməsi, seçicilər də daxil olmaqla bütün seçki subyektlərinin maarifləndirilməsi, deputatlığa namizədlərin irəli sürülməsi və qeydə alınması, bərabər şərtlərə əsaslanan geniş seçkiqabağı təşviqat imkanının təminatı, müşahidəçilər, kütləvi informasiya vasitələri (KİV) nümayəndələrinin fəaliyyəti üçün tam sərbəst şəraitin yaradılması, seçki günü səsvermənin təşkili, səslərin sayılması, nəticələrin müəyyənləşdirilib elan edilməsi və Seçki Məcəlləsində nəzərdə tutulmuş bütün digər vəzifələr xüsusi dəqiqliklə yerinə yetirildi.


Bütövlükdə seçkilərin milli qanunvericiliyə və müasir beynəlxalq normalara uyğun yüksək səviyyədə hazırlanıb keçirilməsi üçün reallaşdırılan çoxsaylı genişmiqyaslı layihələr olduqca mühüm əhəmiyyətə malik idi.

Seçici siyahılarının dəqiqləşdirilməsi

Seçkilərdə mühüm əhəmiyyət kəsb etdiyini nəzərə alaraq, Seçki Məcəlləsinin tələblərinə əsasən MSK seçici siyahılarının dəqiqləşdirilməsinə ciddi diqqət yetirdi. Ölkə üzrə aşağı seçki komissiyalarının otuz mindən artıq üzvünün cəlb olunduğu və müvafiq qurumlarla sıx əməkdaşlıq şəraitində həyata keçirilən kifayət qədər böyük miqyaslı və əhatəli iş nəticəsində seçici siyahıları dəqiqləşdirildikdən sonra keyfiyyətlə tərtib və çap edilərək qanunvericilikdə nəzərdə tutulan müddətdə aşağı seçki komissiyalarına çatdırıldı, seçki məntəqələrində asılmaqla, eləcə də MSK-nın rəsmi internet səhifəsində yerləşdirilməklə seçicilərə və şəffaflığın təmin olunması məqsədilə geniş ictimaiyyətə təqdim edildi.

Dəqiqləşdirmə prosesinə seçicilərin fəal cəlb olunması və görülən işlərin keyfiyyətinin daha da artırılması məqsədi ilə müxtəlif vasitələrlə intensiv təşviqat kampaniyası gerçəkləşdirildi, bu istiqamətdə KİV və sosial şəbəkələrin imkanlarından geniş istifadə olundu. Belə ki, adların seçici siyahılarında yoxlanılması ilə bağlı MSK tərəfindən hazırlanan geniş tirajlı böyük ölçülü məlumatlandırma plakatları bütün ölkə ərazisinə yayılaraq əhalinin xüsusilə sıx məskunlaşdığı yerlərdə və çoxsaylı məlumat lövhələrində yerləşdirildi. Seçici siyahılarının dəqiqləşdirilməsi ilə bağlı MSK-nın hazırladığı video və audio çarxlar televiziya və radio kanalları vasitəsilə yayımlanmaqla, eləcə də Komissiyanın rəsmi internet səhifəsində və sosial şəbəkələrdə yerləşdirilməklə mütəmadi şəkildə nümayiş etdirildi.

Siyahıların dəqiqləşdirilməsi prosesində seçicilərin aktiv iştirakı və marağı, habelə MSK-nın qaynar xətti və internet səhifəsindəki onlayn müraciət imkanı məlumatların hərtərəfli yoxlanılması və dəqiqləşdirilməsinə şərait yaratdı. Bununla yanaşı, müasir texnologiyalardan və texniki imkanları daha da təkmilləşdirilən xüsusi proqram təminatlarından geniş istifadə seçici siyahılarının effektiv hazırlanması, standartlara uyğun tərtib və çap olunması üçün görülən işlərin səmərəliliyini daha da yüksəltdi.

Seçici siyahıları da daxil olmaqla, seçki məsələləri ilə əlaqədar daimi fəaliyyət göstərən və seçki subyektlərinin etibarlı məlumat mənbəyinə çevrilən 115 nömrəli qaynar xəttə və internet səhifəsindəki elektron qaynar xətlərə daxil olan bütün müraciətlərə MSK tərəfindən operativ reaksiya verilərək lazımi tədbirlər görüldü.

Ölkə ərazisində məskunlaşan məcburi köçkünlərin, demək olar ki, respublikanın bütün ərazilərinə səpələnməsi onların səsverməsinin təşkilini nə qədər çətinləşdirsə də, sərf edilən böyük zəhmət və gərgin əmək sayəsində bu qəbildən olan vətəndaşların da səsvermə hüquqlarının təmin edilməsi üçün lazımi şərait yaradıldı. Məcburi köçkün seçicilər müxtəlif regionlarda onlar üçün yaradılan ümumilikdə 523 seçki məntəqəsində azad və sərbəst şəkildə səs verdilər.

Milli Məclisə seçkilərdə də bəzi seçki dairələri və məntəqələri üzrə seçicilərin sayının təmsilçilik normasına uyğunlaşdırılması, eləcə də seçicilərin və digər seçki subyektlərinin hüquqlarının həyata keçirilməsinə daha səmərəli və rahat şərait yaradılması istiqamətində məqsədyönlü iş aparıldı. Seçki Məcəlləsinin tələblərinə əməl etməklə 4 seçki dairəsi üzrə 13 yeni seçki məntəqəsi yaradıldı. Eyni zamanda hər bir seçki dairəsi və məntəqəsinin dislokasiyası, seçki məntəqələri üzrə seçicilərin sayı, dairə və məntəqə seçki komissiyalarının tərkibi barədə və digər bu kimi məlumatlar MSK-nın internet səhifəsində yerləşdirilərək ictimailəşdirildi.

Seçki komissiyalarının fəaliyyətinin monitorinqi

Milli Məclisə seçkilərə hazırlıqla əlaqədar MSK dairə və məntəqə seçki komissiyalarının fəaliyyəti və təchizatı ilə bağlı qısa müddət ərzində müvafiq monitorinq apardı və bu istiqamətdə lazımi addımlar atdı. Belə ki, əldə olunan nəticələrin təhlili əsasında mövcud prioritetlər müəyyənləşdirildi və Komissiya bu istiqamətləri əhatə edən layihələr işləyib hazırlayaraq öz fəaliyyət proqramına daxil etdi. Bütün bunlarla yanaşı, aşağı seçki komissiyaları lazımi çap materialları, seçki günü istifadə olunması və sənədlərin təhlükəsiz nəqli üçün avadanlıqlar və digər lazımi vasitələrlə təmin olunaraq seçki gününə tam hazır vəziyyətə gətirildi.

Qeyd etmək lazımdır ki, Azərbaycanda 2018-ci ildən etibarən vətəndaşlara verilən və geniş yayılan yeni nəsil şəxsiyyət vəsiqəsindən istifadə edən seçicilərin səs verərkən qanunvericiliklə tələb olunan məlumatlarının yoxlanılması məqsədilə sözügedən elektron məlumatın daşıyıcısı olan çiplərin oxunması üçün məqbul sayılan qurğulardan 2019-cu il bələdiyyə seçkilərində istifadə təcrübəsi nəzərdən keçirildi, qurğuların sazlığı vəziyyəti yoxlanıldı və bu istiqamətdə lazımi əlavə addımlar atıldı. Nəticədə yeni nəsil şəxsiyyət vəsiqəsinə malik seçicilər bələdiyyə seçkilərində olduğu kimi Milli Məclisə seçkilərdə də rahatlıqla öz səsvermə hüquqlarından istifadə etdilər.

Seçkilərin normativ-hüquqi bazası

MSK Konstitusiyanı və Seçki Məcəlləsini öz fəaliyyətində rəhbər tutan təşkilat kimi Milli Məclisə seçkilərin də yüksək səviyyədə təşkili, azad və ədalətli keçirilməsi üçün normativ-hüquqi bazanın daha təkmil işlənib hazırlanması prosesini diqqət mərkəzində saxladı, bu istiqamətdə məqsədyönlü iş apardı və qəbul etdiyi bütün normativ xarakterli sənədlərdə – təlimat, izah və qaydalarda lazımi düzəlişlərin edilməsi barədə müvafiq qərarlar qəbul etdi. Aşağı seçki komissiyaları üzvlərinin, həmçinin digər seçki iştirakçılarının maarifləndirilməsini həyata keçirmək, seçki qanunvericiliyinin müddəalarının peşəkarcasına icrasını, seçki prosesi ilə bağlı biliklərin artırılmasını təmin etmək üçün müvafiq dəyişikliklərlə MSK tərəfindən qəbul olunan təlimat, izah və qaydalar da daxil olmaqla, ümumilikdə 48 normativ xarakterli sənəd 16 toplu şəklində nəşr edildi, aşağı seçki komissiyalarına və maraqlanan seçki subyektlərinə paylanıldı. Bütün normativ hüquqi sənədlər, Azərbaycan və ingilis dillərində MSK-nın internet səhifəsində də yerləşdirildi.

Beynəlxalq əməkdaşlıq çərçivəsində görüşlər

MSK beynəlxalq və xarici təşkilatlarla sıx əməkdaşlıq şəraitində fəaliyyət göstərir və bu əlaqələr çərçivəsində vaxtaşırı görüşlər keçirilir, qarşılıqlı səfərlər təşkil olunur və seçkilərlə əlaqədar birgə layihələrin icrası ilə bağlı mümkün perspektivlər müzakirə edilir. Milli Məclisə seçkilər ərəfəsində MSK sədrinin seçkilərin müşahidəsinə qatılan ATƏT və Avropa Şurasının Parlament Assambleyaları, MDB Parlamentlərarası Assambleyası, Türkdilli Ölkələrin Parlament Assambleyası (TÜRKPA), ATƏT/DTİHB-nin Seçki Müşahidə Missiyası, MDB Müşahidə Missiyası, Şanxay Əməkdaşlıq Təşkilatı, Türk Şurası, müxtəlif ölkələrin parlamentlərinin nümayəndə heyətləri, Türkiyə, Rumıniya, Belarus, Litva, Bosniya və Herseqovina, Qırğız Respublikası ali seçki qurumlarının rəhbərləri, həmçininRusiya, Latviya, Bolqarıstan, Serbiya, Ukrayna, Qazaxıstan, Gürcüstan, Özbəkistan, Moldova, Türkmənistan, Monteneqro, İndoneziya, Maldiv MSK-larının rəsmiləri və digərləri ilə görüşləri keçirildi. Respublikada fəaliyyət göstərən Seçki Müşahidə Missiyalarının təmsilçiləri ilə müxtəlif səviyyələrdə mütəmadi baş tutan görüşlərdə seçkilərə hazırlıqla bağlı fikir mübadiləsi aparılır və maraq doğuran sahələr üzrə məsələlər müzakirə olunurdu. MSK yerli və beynəlxalq QHT-lərlə də müxtəlif layihələr çərçivəsində yaxından əməkdaşlıq edirdi.

Seçki subyektləri üçün maarifləndirmə layihələri

Seçkilərin milli qanunvericiliyə və müasir beynəlxalq normalara uyğun hazırlanıb keçirilməsi üçün reallaşdırılan genişmiqyaslı layihələr mühüm əhəmiyyətə malik idi. Azərbaycan Respublikası Prezidentinin "Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramının təsdiq edilməsi haqqında” 27 dekabr 2011-ci il tarixli Sərəncamına əsasən Komissiya tərəfindən müxtəlif istiqamətləri əhatə edən layihələri özündə cəmləşdirən maarifləndirmə proqramı hazırlandı və beynəlxalq müşahidəçilərin, KİV nümayəndələrinin birbaşa iştirakı ilə həyata keçirildi.

Avropa Şurasının Bakıdakı nümayəndəliyi ilə birgə layihə çərçivəsində KİV üçün tədbir

Milli Məclisə seçkilərlə əlaqədar ilk maarifləndirmə tədbiri MSK-nın Avropa Şurasının Bakıdakı nümayəndəliyi ilə birgə layihəsi çərçivəsində baş tutdu. Yanvarın 16-da Bakı şəhərində "Seçkilərin mediada işıqlandırılması” mövzusunda keçirilən və bərabər seçkiqabağı təşviqatın təmin olunmasında KİV-in rol və vəzifələrinə həsr olunan informasiya sessiyasında MSK sədri, Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəsmisi, Avropa Şurasının Bakıdakı nümayəndəliyinin rəhbəri, Milli Televiziya və Radio Şurasının sədri, Mətbuat Şurasının sədri, eləcə də müxtəlif KİV-in rəhbərləri və təmsilçiləri iştirak etdi. 60-a yaxın media qurumunun qatıldığı tədbirdə dövlət qurumlarının və diplomatik missiyaların nümayəndələri, beynəlxalq və yerli ekspertlər də iştirak etdilər. Tədbirdə MSK təmsilçisi və beynəlxalq ekspertlər tərəfindən seçkinin mediada işıqlandırılması sahəsində Azərbaycan qanunvericiliyi və təcrübəsi, Avropa Şurası standartları və gender bərabərliyi kontekstində seçkinin mediada işıqlandırılması mövzularında edilən çıxış və təqdimatlar iştirakçılar tərəfindən maraqla qarşılandı və ətraflı müzakirələrlə müşayiət olunan sessiya KİV nümayəndələrinin maarifləndirilməsinə töhfə verdi.

Seçkilərlə bağlı müraciətlərə baxılmasına həsr olunan seminarlar

MSK-nın maarifləndirmə proqramı çərçivəsində yanvarın 18-i paralel şəkildə eyni gündə Bakı, Gəncə, Sumqayıt, Naxçıvan, Şəki və Masallıda keçirilən regional seminarlar Milli Məclisə seçkilərdə seçki hüququnun pozulması ilə bağlı müraciətlərə baxılmasına həsr olundu. Layihə Milli Məclisə seçkilərdə vətəndaşların seçki hüquqlarını pozan hərəkətlərdən (hərəkətsizlikdən) və qərarlardan şikayətlərin araşdırılması məqsədi ilə dairə seçki komissiyaları nəzdində fəaliyyət göstərən ekspert qrupu üzvlərinin məlumatının artırılması, bilik, bacarıq və işgüzar vərdişlərinin daha da təkmilləşdirilməsi məqsədi daşıyırdı. Seminarlar zamanı MSK-nın ekspert qrupu üzvlərinin aidiyyəti üzrə müxtəlif mövzularda çıxış və məruzələri dinlənildi, seçki hüquqlarının pozulması iddiası ilə daxil olan müraciətlərlə bağlı qarşıya çıxan məsələlər, şikayət və müraciətlərin xarakteri, ekspert qrupu üzvlərinin həyata keçirəcəyi tədbirlərin ardıcıllığı, qərarların qəbulu və tərtib olunması, eləcə də digər mühüm məqamlar təqdimatlar vasitəsilə ətraflı şəkildə izah edildi. Ümumilikdə dairə seçki komissiyalarının 375 ekspert qrupu üzvünü əhatə edən tədbirlərin praktiki hissəsində, həmçinin kazuslar üzrə fərqli şikayət və müraciət nümunələri nəzərdən keçirildi, müvafiq seçki komissiyalarının həmin şikayətlərə dair qərarlarının qəbul edilməsi məsələlərinə baxıldı, müxtəlif mövzular ətrafında müzakirələr aparıldı və iştirakçıları maraqlandıran suallar cavablandırıldı.

Seçki mübahisələrinin həllinə dair seminar-müşavirələr

Milli Məclisə seçkilərdə reallaşdırılan mühüm maarifləndirmə layihələrindən biri MSK-nın Ali Məhkəmə və apellyasiya məhkəmələri ilə birgə layihəsi çərçivəsində keçirilən və seçki mübahisələrinin məhkəmə qaydasında həllinə həsr olunan regional seminarlar oldu. Yanvarın 22-də Bakıda, 24-də isə eyni vaxtda Gəncə, Naxçıvan, Şəki və Şirvanda gerçəkləşdirilən tədbirlərin başlıca hədəfi seçki mübahisələrinin həlli istiqamətində dairə seçki komissiyalarının məlumatının artırılması, bununla bağlı görülən işlərin effektivliyinin gücləndirilməsi və vətəndaşların seçki hüquqlarının daha səmərəli təmin edilməsi idi. Bakı şəhərində baş tutan layihənin açılışı və ilk seminar-müşavirə MSK sədrinin giriş nitqi ilə başladı, sonra tədbirdə Ali Məhkəmənin hakimi, Bakı və Sumqayıt Apellyasiya Məhkəmələrinin sədrləri çıxış etdilər. MSK üzvləri və Katibliyin aidiyyəti struktur bölmələrinin əməkdaşları, region üzrə apellyasiya məhkəmələrinin sədr və hakimləri, eləcə də dairə seçki komissiyaları sədrlərinin iştirakı ilə keçirilən tədbirlərdə MSK, Ali Məhkəmə və regional apellyasiya məhkəmələrindən olan təmsilçilərin seçki mübahisələrinin məhkəmə qaydasında həllinə dair müxtəlif mövzularda təqdimat və çıxışları dinlənildi.

Aşağı seçki komissiyalarının üzvləri üçün treninqlər

MSK dairə və məntəqə seçki komissiyaları üzvlərinin bilik, bacarıq və peşəkar vərdişlərinin gücləndirilməsində vacib rolu olan treninqlərə də xüsusi diqqət ayırdı. İki mərhələli treninq layihəsinin "Trenerlər üçün treninq” adlı birinci mərhələsi 23-26 yanvar tarixlərində Bakı şəhərində keçirildi. Hər seçki dairəsindən iki təmsilçi olmaqla, dairə seçki komissiyalarının ümumilikdə 250 yerli treneri bu mərhələdə seçki məntəqələrinin səsverməyə hazırlanması, səsvermə prosesi, seçki günü müstəsna hallar, səslərin sayılması və səsvermənin nəticələri haqqında rəsmi protokolların doldurulması da daxil olmaqla, bütün seçki günü prosedurları barədə aydın və müfəssəl məlumat əldə etdilər. Seçki günü prosedurlarının əyani şəkildə səhnələşdirilməklə nümayiş etdirilməsi və mövzuların praktiki məşğələlərlə izah edilməsi treninqlərin keyfiyyət və səmərəliliyini daha da yüksəltdi.

Layihənin məntəqə seçki komissiyalarının üzvləri üçün təşkil olunan ikinci mərhələsi yanvarın 27-dən başladı və seçki dairələri üzrə məntəqə seçki komissiyalarının sayına müvafiq olaraq bir həftə davam etdi. MSK-nın Treninq qrupu tərəfindən hazırlanan cədvələ əsasən 36 nəfərədək aşağı seçki komissiyası üzvünün iştirakı ilə kiçik qruplar şəklində və tamamilə praktiki formada keçirilən təlimlərdə bütün iştirakçılara MSK tərəfindən hazırlanan ”Seçki günü üçün yaddaş” kitabçası, səsvermənin nəticələri haqqında boş protokol nümunəsi, bir sıra digər zəruri material və vəsaitlər təqdim olundu. Treninq layihəsi, ümumilikdə 32 000-dən artıq aşağı seçki komissiyası üzvünü seçki günü prosedurları ilə bağlı maarifləndirdi və onların fəaliyyətini daha da təkmilləşdirdi.

Daxili İşlər Nazirliyi ilə birgə polis üçün regional seminar-müşavirələr

MSK Daxili İşlər Nazirliyi ilə birgə yanvarın 25-dən fevralın 1-dək Gəncə, Şəki, Şirvan və Bakıda müvafiq olaraq polis əməkdaşları üçün regional seminar-müşavirələr keçirdi. Layihə Milli Məclisə seçkilərlə əlaqədar seçki prosesində polisin xidməti fəaliyyətinin daha da təkmilləşdirilməsi məqsədi daşıyırdı. Seminar-müşavirələrdə MSK üzvləri, Katibliyin təmsilçiləri və Daxili İşlər Nazirliyinin müvafiq qurumlarının nümayəndələrinin təqdimatları dinlənildi. Çıxış edənlər öz məruzələrində insan hüquqlarının qorunması, seçki qanunvericiliyi, səsvermə prosesi, onun mərhələləri və müddətləri, seçki kampaniyası dövründə və səsvermə günü ictimai asayişin təmin edilməsi ilə bağlı polis əməkdaşlarının hüquq və vəzifələri, səsvermədən sonrakı dövrdə seçki bülletenlərinin və digər seçki sənədlərinin dairə seçki komissiyasına və MSK-ya gətirilməsi zamanı təhlükəsizlik tədbirlərinin görülməsindən bəhs etdilər. Tədbir iştirakçılarına MSK-nın Daxili İşlər Nazirliyi ilə birgə hazırladığı polis əməkdaşlarının Milli Məclisə seçkilərdə rol və vəzifələrinə dair yaddaş kitabçası da təqdim olundu.

Ədliyyə Nazirliyinin Penitensiar xidməti ilə birgə tədbir

Milli Məclisə seçkilərlə əlaqədar çoxsaylı maarifləndirmə layihələrindən biri də yanvarın 31-də Ədliyyə Nazirliyinin Penitensiar xidməti ilə təşkil olundu. Penitensiar xidmətin rəhbərliyinin, MSK təmsilçilərinin, Xidmətin Baş idarəsinin və cəzaçəkmə müəssisələrinin əməkdaşlarının iştirak etdiyi seminar-müşavirə qapalı müəssisələrdə Milli Məclisə seçkilərin təşkili və səsvermənin keçirilməsi ilə bağlı məsələlərə həsr olundu. Tədbirdə MSK təmsilçiləri tərəfindən Milli Məclisə seçkilərə hazırlıq, penitensiar müəssisələrdə seçkilərin qanunvericiliyin tələblərinə uyğun keçirilməsi və səsvermə günü prosedurları barədə geniş məlumat verildi, iştirakçıları maraqlandıran məsələlərə aydınlıq gətirildi.

İnformasiya texnologiyaları üzrə mütəxəssislər üçün praktiki seminarlar

Dairə seçki komissiyalarının informasiya texnologiyaları üzrə mütəxəssisləri üçün 1-2 fevral tarixində keçirilən seminarlar da vacib maarifləndirmə tədbiri idi. Seçki günü məlumatlarının operativ şəkildə ictimailəşdirilməsi və beləliklə şəffaflığın bu mərhələdə də təmin edilməsinə həsr olunan seminarlar zamanı informasiya texnologiyaları üzrə mütəxəssislərə Dövlət Avtomatlaşdırılmış İnformasiya Sisteminin ümumi fəaliyyəti və yenilənərək daha da təkmilləşdirilən imkanları barədə aydın və ətraflı məlumat verildi. Tədbir çərçivəsində iştirakçılara sistem üzərindən tətbiq olunan proqram təminatlarından, habelə Milli Məclisə seçkilər günü seçicilərin fəallığı ilə yanaşı, səsvermənin nəticələrinə dair protokol məlumatlarının MSK-ya birbaşa ötürülməsi üçün xüsusi proqram modullarından praktiki məşğələlərlə test rejimində işləmək imkanı yaradıldı və onları maraqlandıran suallar əyani şəkildə izah olundu.

Seçici maarifləndirmə layihələri

Milli Məclisə seçkilərdə seçicilərin maarifləndirilməsi MSK-nın daim diqqət mərkəzində oldu və bu istiqamətdə intensiv şəkildə bir sıra layihələr gerçəkləşdirildi. Seçicilərin adlarının seçici siyahısında yoxlanılması, seçki prosesi və səsvermə proseduru barədə məlumatlandırılma, eləcə də seçkilərdə iştiraka çağırış məqsədi ilə MSK müxtəlif platformalardan istifadə etməklə intensiv təşviqat kampaniyası apardı və KİV ilə bu istiqamətdə sıx əməkdaşlıq etdi. Həmçinin seçici siyahılarında adların yoxlanması, MSK-nın internet səhifəsi, qaynar xətti və s. məlumatlandırma və digər xarakterli çoxsaylı çağırış plakatı hazırlanaraq əhalinin xüsusilə sıx məskunlaşdığı və asanlıqla görünə bilən yerlərdə asıldı. Bütün bunlarla yanaşı, Seçki Məcəlləsinin tələbinə əsasən seçicilərin səs verəcəkləri seçki məntəqəsinin ünvanı, səsvermənin yeri və vaxtı, səsvermə prosesində istifadə olunan şəxsiyyəti təsdiq edən sənədlərin siyahısı haqqında, səsvermə qaydaları və s. bu kimi maarifləndirmə xarakterli məlumatları özündə əks etdirən bildirişlər hazırlandı, qanunvericilikdə nəzərdə tutulan müddətdə və qaydada seçicilərin sayına uyğun çap edilərək seçicilərə paylanıldı.

MSK-nın seçici maarifləndirmə proqramı çərçivəsində yuxarıda qeyd olunan mövzularla bağlı hazırladığı 5 video və audio çarx da respublikada fəaliyyət göstərən televiziya və radio kanallarında mütəmadi şəkildə yayımlandı, o cümlədən Komissiyanın rəsmi internet səhifəsində və sosial şəbəkələrdə yerləşdirildi.

MSK tərəfindən həyata keçirilən maarifləndirmə proqramının əhəmiyyətli bir hissəsi də gəncləri əhatə etdi. Gənclərin maarifləndirilməsi və prosesə cəlb olunması istiqamətində seçki kampaniyasına start verilməsindən başlayaraq atılan addımlar Milli Məclisə seçkilərdə onların öz innovativ potensiallarından geniş istifadə edə bilmələri üçün hərtərəfli imkan yaratdı. Televiziya və radio kanalları vasitəsilə MSK-nın mütəmadi şəkildə yayımlanan audio və video çarxları bütün ölkə elektoratı ilə yanaşı, gənclərin məlumatlandırılmasında əhəmiyyətli rol oynadı. Gənclərin fəallığının artırılmasına yönələn bu kimi tədbirlərin nəticəsi idi ki, namizəd qismində qeydə alınaraq seçkilərə qatılanların təqribən 45 faizdən çoxunu yaşı 40-a qədər olan passiv seçki hüququna malik Azərbaycan vətəndaşları təşkil etdi.

Gənclərin seçki prosesinə daha fəal şəkildə cəlb edilməsi məqsədilə Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi ilə birgə də bir sıra layihələr gerçəkləşdirildi. MSK-nın dəstəyi ilə Bakı şəhərini və respublikanın əksər rayonlarını əhatə edən genişmiqyaslı tədbirlərdə iştirakçılara seçki hüququ, Milli Məclisə seçkilərə hazırlıq, səsvermə günü prosedurları və s. məsələlər barədə ətraflı məlumat verildi və gəncləri maraqlandıran suallar cavablandırıldı. Qeyd edək ki, Milli Məclisə seçkilərdə 6 189 gənc ilk dəfə səsvermə hüququ əldə etmişdi.

MSK-nın təşəbbüsü ilə, seçki günü – fevralın 9-da 18 yaşı tamam olmaqla aktiv seçki hüququ əldə edən 99 gənc üçün "İlk dəfə səs verən seçici” layihəsi çərçivəsində xüsusi təbrik kartları hazırlandı və səs verərkən həmin gənclərə təqdim edilməsi təmin olundu.

Seçici maarifləndirmə proqramı çərçivəsində müsəlman şərqində ilk dəfə seçki hüququ qazanan Azərbaycan qadınlarının Milli Məclisə seçkilərdə fəallığının daha da yüksəldilməsinə yönələn layihələr də gerçəkləşdirildi. MSK-nın televiziya və radio kanallarında nümayiş etdirdiyi video və audio çarxlarla yanaşı, KİV-də öz əksini tapan bu səpkili çoxsaylı məlumatlar seçkilərdə qadınların aktivliyinin artmasına əhəmiyyətli töhfə verdi.

Fiziki məhdudiyyətləri olan seçicilər üçün imkanlar

Azərbaycanda keçirilən seçkilərdə bütün seçici qrupları ilə yanaşı görmə, eşitmə və hərəkət qabiliyyəti məhdud olan seçicilərin də seçki prosesində sərbəst iştirakının təmin olunması üçün müxtəlif layihələr gerçəkləşdirilir ki, bütün bunlar bu qəbildən olan seçicilərin də cəmiyyətə fəal inteqrasiyası və onların cəmiyyətin digər təbəqələri ilə bərabər imkanlar əldə etməsinə hədəflənir.

Milli Məclisə seçkilərdə gözdən əlil seçicilərin səs verməsi üçün seçki bülletenindəki məlumatların Brayl əlifbası ilə əks olunduğu trafaretlər hazırlandı və hər seçki məntəqəsi bu trafaretlərlə təmin edildi. Seçki günü gözdən əlil seçicilər həmin trafaretlərdən istifadə etməklə heç bir yardıma ehtiyac duymadan sərbəst şəkildə istədikləri namizədə səs verdilər. Qeyd etmək lazımdır ki, bu praktika Azərbaycanda keçirilən seçkilərdə 2003-cü ildən tətbiq olunur.

Eşitmə qabiliyyəti məhdud olan seçicilərin məlumatlandırılması məqsədi ilə MSK-nın bütün video-çarxları alt yazılı hazırlandı ki, bu da həmin qəbildən olan seçicilərin maarifləndirilməsinə əhəmiyyətli töhfə verdi.

Hərəkət qabiliyyətində məhdudiyyətlər olan seçicilərin sərbəst şəkildə seçki məntəqəsinə daxil olaraq səs vermələri üçün isə panduslardan istifadə olundu. Respublika üzrə müvafiq qurumlarla birlikdə aparılan araşdırmalar nəticəsində 1 389 məntəqədə hərəkət qabiliyyəti məhdud seçicilərin olduğu müəyyən edildi, həmin məntəqələrdə sözügedən seçicilərin maneəsiz hərəkəti üçün panduslar quraşdırılaraqmünasib şərait yaradıldı.

Bütün qeyd edilənlərlə yanaşı, Seçki Məcəlləsinin tələbinə əsasən, seçki günü səhhətinə görə və ya digər üzrlü səbəblərdən səsvermə otağına gələ bilməyən seçicilərin daşınan seçki qutusu ilə səs vermələri də təmin olundu.

Maarifləndirmə xarakterli əyani vəsaitlər

Milli Məclisə seçkilər təyin edildikdən sonra qanunvericilikdə nəzərdə tutulan əsas hərəkət və tədbirlərin ardıcıl və keyfiyyətlə həyata keçirilməsi, seçki subyektlərinə metodiki yardım göstərilməsi və onların seçki prosesindəki fəaliyyətlərinin asan-laşdırılması məqsədi ilə MSK Təqvim Planı təsdiq etdi. Təqvim Planı çap olunub aşağı seçki komissiyalarına paylanıldı, eləcə də bütün seçki subyektlərinin asanlıqla əldə etmələrindən ötrü Azərbaycan və ingilis dillərində MSK-nın rəsmi internet səhifəsinə qoyuldu.

Milli Məclis üzvlüyünə seçilmək niyyətində olan vətəndaşların passiv seçki hüquqlarının reallaşdırılması üçün onlara metodiki yardım göstərmək və fəaliyyətlərinin daha da asanlaşdırılmasına imkan yaratmaq məqsədilə MSK "Deputatlığa namizədlər üçün yaddaş kitabçası” hazırladı. Nəşrdə deputatlığa namizədliyin irəli sürülməsi və qeydə alınması ilə bağlı atılası addımlar, qeydə alınmış deputatlığa namizədlərin hüquq və vəzifələri barədə ətraflı məlumat verilirdi. Yaddaş kitabçası aidiyyəti üzrə çatdırılması üçün aşağı seçki komissiyalarına və digər maraqlı seçki subyektlərinə paylanıldı, həmçinin Komissiyanın internet səhifəsində yerləşdirildi.

MSK seçki subyektlərinin maarifləndirilməsi proqramı çərçivəsində məntəqə seçki komissiyalarının üzvlərini seçki günü prosedurları ilə bağlı daha ətraflı məlumatlandırmaq məqsədi ilə "Seçki günü üçün yaddaş” kitabçası nəşr etdirdi. Kitabçada seçki günü məntəqə seçki komissiyaları üzvlərinin rol və vəzifələri, məntəqənin açılması, səsvermə saatlarında tədbirlər, məntəqənin bağlanması, səslərin hesablanması və səsvermənin nəticələrinə dair yekun protokolun doldurulması ətraflı şəkildə izah olunurdu. Seçki Məcəlləsinin müddəaları və MSK-nın qəbul etdiyi təlimat, izah və qaydalar əsasında hazırlanan yaddaş kitabçası aşağı seçki komissiyaları üzvlərinə və əldə etmək istəyən seçki subyektlərinə çatdırılması üçün aidiyyəti ünvanlara paylanıldı, habelə Komissiyanın internet səhifəsində yerləşdirildi.

Milli Məclisə seçkilərdə müşahidəçilərin maarifləndirilməsi məqsədi ilə "Müşahidəçilər üçün yaddaş” kitabçası çap etdirildi. Nəşrdə müşahidə aparılmasının prinsipləri əks olunur, eyni zamanda, müşahidəçilərin hüquq və vəzifələri izah edilirdi. Kitabçada müşahidəçilərin riayət etməli olduğu, həmçinin onlara qanunla qadağan edilən məsələlər barədə ətraflı məlumatlar yer alırdı. Yaddaş kitabçası Seçki Məcəlləsi və MSK-nın təsdiq etdiyi normativ xarakterli aktlar əsasında işlənib hazırlanaraq Azərbaycan, ingilis və rus dillərində çap olundu, MSK-nın veb saytında yerləşdirildi və beynəlxalq müşahidəçilərə çatdırılması üçün müvafiq qurumlara, eləcə də yerli müşahidəçilərə paylanması məqsədi ilə DSK-lara, siyasi partiyalara və müşahidə prosesində iştirak edən digər təşkilatlara təqdim olundu.

MSK Milli Məclisə seçkilərdə polis əməkdaşları üçün də yaddaş kitabçası hazırladı. Daxili İşlər Nazirliyi ilə birgə hazırlanan nəşrdə polis əməkdaşlarının seçkiqabağı təşviqat dövründə, seçki günü, seçki sənədlərinin daşınması və mühafizəsi prosesində öz xidməti vəzifələrini yerinə yetirərkən həyata keçirəcəyi tədbirlər, eləcə də rol və vəzifələri barədə ətraflı məlumat verilirdi. Yaddaş kitabçası polis əməkdaşlarına çatdırılması üçün aidiyyəti qurumlara və aşağı seçki komissiyalarına paylanıldı.

"KİV nümayəndələri üçün yaddaş” kitabçasında KİV-lərin seçki prosesində və seçkiqabağı təşviqat dövründə hüquq və vəzifələri aydın şəkildə izah edilir, həmçinin onlara qanunla qadağan edilən məsələlər barədə ətraflı məlumat verilirdi. Sözügedən yaddaş kitabçası da çap edilərək KİV-lərə paylanıldı, həmçinin maraqlanan seçki subyektləri MSK-nın Müstəqil Media Mərkəzi vasitəsi ilə yaddaş kitabçasını əldə etdilər.

İctimaiyyətin məlumatlandırılması

Milli Məclisə seçkilərin cəmiyyət üçün böyük maraq kəsb etdiyi nəzərə alınaraq MSK-nın fəaliyyətində hər zaman olduğu kimi şəffaflıq tam təmin edildi. MSK-nın iclaslarının vaxtı barədə KİV nümayəndələri əvvəlcədən məlumatlandırıldı, onlar mütəmadi qaydada MSK-nın tədbirlərinə dəvət olundu və lazımi məlumatlar əldə etdilər. Ölkə ictimaiyyətinin seçkilərin hazırlanması və keçirilməsi ilə bağlı məlumatlandırılması məqsədi ilə Milli Məclisə seçkilər təyin olunduqdan sonra MSK tərəfindən mütəmadi qaydada müxtəlif aktual mövzuları əhatə edən brifinqlər keçirildi, seçkilərlə bağlı reallaşdırılan bütün layihələr barədə respublikada fəaliyyət göstərən KİV-lərə məlumatlar çatdırıldı və mətbuat bülletenləri dərc olundu.

Seçkilər təyin olunduğu gündən komissiyanın iclasları və təşkil edilən tədbirlər barədə mətbuatda yüzlərlə müxtəlif xarakterli material dərc olundu. Əlavə olaraq KİV-də MSK sədrinin, Komissiya üzvlərinin, eləcə də Katiblik rəsmilərinin çoxsaylı açıqlamaları əks olundu. Elektron və çap informasiya vasitələri MSK-nın iclaslarına, təşkil edilmiş tədbirlərə və qəbul olunmuş sənədlərə geniş yer ayırdı. Media orqanlarında MSK-nın fəaliyyəti ilə bağlı mətbuat bülletenləri, açıqlamalar və məqalələr dərc olundu. Ümumilikdə MSK tərəfindən həyata keçirilən bütün tədbirlər KİV tərəfindən daim geniş işıqlandırıldı.

Seçki Məcəlləsinə uyğun olaraq, MSK-nın qərarları və təsdiq etdiyi digər normativ-hüquqi sənədlər "Azərbaycan” qəzetində dərc olundu və MSK-nın internet səhifəsində yerləşdirildi. Seçki marafonu ərzində İctimai televiziyada hər həftə tamaşaçılar üçün daha baxımlı vaxtda efirə gedən maarifləndirmə proqramında MSK üzvləri və Katibliyin əməkdaşları Milli Məclisə seçkilərlə əlaqədar müxtəlif aktual mövzularda çıxış etdilər ki, bu layihə də seçki prosesi iştirakçılarının hüquqi biliklərinin və məlumatlarının daha da artırılmasına mühüm töhfə verdi.

Aşağı seçki komissiyalarının təmsilçiləri KİV-də mütəmadi şəkildə çıxış etdi və onlar öz müsahibələrində seçki dairəsi çərçivəsində görülən işlər və yerlərdə seçkilərə hazırlıq prosesləri ilə bağlı seçiciləri məlumatlandırdılar.

Milli Məclisə seçkilərlə bağlı MSK-nın yaratdığı Müstəqil Media Mərkəzi də ictimaiyyətin dolğun və operativ məlumatlandırılmasında böyük rol oynadı.

Seçkilər dövründə məlumatlar onlayn platformalar vasitəsilə də ictimaiyyət üçün əlçatan idi. Komissiyanın internet səhifəsində (www.msk.gov.az, www.cec.gov.az, www.infocenter.gov.az) seçkilərlə bağlı bütün məlumatlar mütəmadi olaraq yerləşdirildi. Azərbaycan Respublikasının Konstitusiyası, Seçki Məcəlləsi, MSK tərəfindən qəbul olunan bütün təlimat, qayda, izah və qərarlar (Komissiyanın iclaslarından dərhal sonra) Azərbaycan və ingilis dillərində internet səhifəsinə qoyuldu. MSK-nın fəaliyyəti ilə əlaqədar, eləcə də əvvəlki seçkilərlə bağlı məlumatlar, daxil olmuş şikayət və müraciətlərə dair Ekspert qrupu üzvləri tərəfindən verilmiş rəylər və iclaslardan dərhal sonra isə MSK-nın müvafiq qərarları, habelə iclasa dair məlumat bülletenləri Azərbaycan və ingilis dillərində səhifədə əks olundu. Bundan başqa seçki dairələrinin və seçki məntəqələrinin dislokasiyası, seçicilərin axtarış sistemi, seçicilərin xüsusi naviqasiyalı proqram təminatı vasitəsilə öz məntəqəsinə gedişi, deputatlığa namizədlər barədə məlumatlar, həmçinin seçki günü seçki dairələri üzrə seçicilərin fəallığı və lider namizədlər barədə ilkin məlumatlar, seçki dairələrinin və seçki məntəqələrinin protokol məlumatları, seçki komissiyalarının tərkibi, ünvanı, əlaqə məlumatları, seçki məntəqələrinin ünvanı və xəritəsi, seçicilərin siyahısı, seçkiqabağı təşviqatla əlaqədar məlumatlar, mətbuat bülletenləri və ictimaiyyət üçün maraq kəsb edən digər informasiyalar da MSK-nın internet səhifəsində ictimailəşdirilmişdi.

Seçkilərlə bağlı lazım olan bütün məlumatların yerləşdirildiyi və mütəmadi yenilənən internet səhifəsi seçki prosesi boyunca istifadəçilərin ixtiyarında idi. Onlar səhifəyə daxil olaraq arzu etdikləri müxtəlif məlumatları əldə edirdilər. Qeyd etmək lazımdır ki, təkcə səsvermə günü MSK-nın internet səhifəsinə 566 000-dən artıq baxış oldu. Komissiyanın sosial şəbəkələrdəki səhifələri də seçki kampaniyası boyunca aktiv fəaliyyət göstərdi və məlumatlar mütəmadi olaraq bu səhifələrdə də yerləşdirildi.

Seçkilərdə aşkarlıq və şəffaflıq

Azərbaycanda keçirilən seçkilər daim yerli və beynəlxalq ictimaiyyət üçün böyük maraq kəsb edir, seçkilər mütəmadi olaraq genişmiqyaslı yerli və beynəlxalq müşahidə missiyaları tərəfindən izlənilir. Müşahidəçilərin qeydiyyatı ilə bağlı Seçki Məcəlləsində nəzərdə tutulan sadə prosedurlar istənilən şəxsin, yaxud təşkilatın asanlıqla müvafiq qurumlar tərəfindən akkreditə olunaraq prosesi izləməsinə tam şərait yaradır ki, bu da bilavasitə şəffaflığın təmin olunmasına imkan verir.

Milli Məclisə seçkilərdə şəffaflığın təmin olunması üçün MSK başda olmaqla, bütün aidiyyəti qurumlar tərəfindən lazımi tədbirlər görüldü. Respublikamızda 2008-ci ildən başlayaraq geniş tətbiq olunan və internet vasitəsilə seçki günü proseslərini birbaşa izləmə imkanı verən veb-kameralardan istifadə təcrübəsi bu seçkilərdə də tətbiq edildi və o zaman işğal altındakı ərazilər istisna olmaqla, bütün ölkə coğrafiyasını əhatə edən 1 000 seçki məntəqəsində veb-kamera quraşdırıldı. Seçki günü veb-kameralar vasitəsilə internet istifadəçiləri istər ölkə daxilindən, istərsə xaricdən MSK-nın internet səhifəsinə daxil olaraq, heç bir qeydiyyat tələb olunmadan səsvermə, səslərin sayılması və nəticələrin müəyyənləşdirilməsi proseslərini arasıkəsilmədən əvvəldən axıradək canlı müşahidə edirdilər. Seçki günü veb-kameralara 230 000-ə yaxın baxış oldu ki, bunların da təqribən 80 faizi ölkə daxilindən, 20 faizi isə ölkə xaricindən həyata keçirilmişdi.

MSK əvvəlki illərdə keçirilən seçkilərdə olduğu kimi, müxtəlif statuslu seçki prosesi iştirakçılarının fəaliyyətinin asanlaşdırılması, onlara hərtərəfli kömək göstərilməsi, habelə ictimaiyyətin seçkilərlə bağlı dolğun və operativ məlumatlandırılmasına hədəflənən layihə çərçivəsində Milli Məclisə seçkilərdə də Müstəqil Media Mərkəzi yaratdı. Seçkilər dövründə fasiləsiz fəaliyyət göstərən Mərkəzdə media təmsilçilərinə müasir tələblərə uyğun informasiya-kommunikasiya avadanlıqları və yüksək sürətli internet xidmətindən ödənişsiz istifadəyə tam şərait yaradıldı. Beynəlxalq (xarici) və yerli müşahidə missiyaları da onlar üçün yaradılan bu imkandan geniş istifadə edərək, seçki günü və ondan sonrakı günlərdə Müstəqil Media Mərkəzində mətbuat konfransları keçirdi, seçkilərlə bağlı bəyanat və təəssüratlarını ictimaiyyətə çatdırdılar. Mərkəzin www.secki-2020.az internet səhifəsi də Azərbaycan, rus və ingilis dillərində mütəmadi şəkildə fəaliyyət göstərərək, seçki prosesi ilə bağlı müxtəlif məlumatların, səlahiyyətli şəxslərin və ekspertlərin rəy, açıqlama və bəyanatlarının, eləcə də foto və video görüntülərin operativ şəkildə geniş ictimaiyyətə çatdırılmasında əhəmiyyətli rol oynadı.

Seçki prosesinin böyük sayda müşahidəçi tərəfindən izlənməsi Milli Məclisə seçkilərin geniş ictimaiyyətin maraq dairəsində olduğunu göstərirdi. Seçkilərdə məşvərətçi səs hüquqlu komissiya üzvü, səlahiyyətli nümayəndə, vəkil edilmiş şəxs və digər statusla, ümumilikdə, 90 000-ə yaxın seçki subyekti səsvermə günü məntəqə seçki komissiyalarının işini müşahidə etmək hüququna malik oldu. Seçkiləri izləmək üçün 77 790 yerli müşahidəçi qeydiyyatdan keçdi. Bütün respublika ərazisində müşahidə aparmaq niyyəti ilə MSK-da qeydiyyatdan keçən 4 264 yerli müşahidəçidən1 250 nəfəri 4 qeyri-hökumət təşkilatının,943 nəfər 5 siyasi partiyanın, 2 071 nəfəri isə öz təşəbbüsü ilə seçkilərdə iştirak edirdi. Dairə seçki komissiyalarında isə 73 526 müşahidəçi akkreditə olunmuşdu ki, bunlardan da 34 152 nəfər 24 siyasi partiyanı, 1 487 nəfər 16 qeyri-hökumət təşkilatını, 13 099 nəfəri deputatlığa namizədləri, 358 nəfəri seçicilərin təşəbbüs qrupunu təmsil edir, 24 430 nəfəri isə öz təşəbbüsü ilə seçkilərin müşahidəsinə qoşulurdu.

Müşahidə prosesinə 59 beynəlxalq (xarici) təşkilat və 58 ölkəni təmsil edən 883 beynəlxalq müşahidəçi də qatıldı. Həm yerli, həm də beynəlxalq müşahidəçilər müvafiq lövhəciklər, seçkilərlə bağlı zəruri metodiki vəsaitlər və digər materiallarla təmin olunurdu. MSK-nın iclaslarından və həyata keçirdiyi bütün tədbirlərdən əvvəl KİV nümayəndələri ilə yanaşı, respublikadakı beynəlxalq müşahidə missiyaları, beynəlxalq (xarici) təşkilatlar və diplomatik nümayəndəliklər də məlumatlandırılaraq dəvət olunur və onlar bütün iclas və tədbirlərdə iştirak edirdilər.

Milli Məclisə seçkilərin izlənməsinə heç bir qeydiyyat tələb olunmayan yerlilərlə yanaşı 132 beynəlxalq KİV-in 199 təmsilçisi də qatıldı ki, onlar da dünya ictimaiyyətinin seçkilərlə bağlı məlumatlandırılmasında mühüm rol oynayırdılar.

Seçki Məcəlləsinin tələbinə uyğun olaraq, exit-poll keçirmək məqsədi ilə MSK-ya ünvanlanan bütün müraciətlərə Komissiyanın iclaslarında aparılan müzakirələrdən sonra müsbət reaksiya verildi və Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqası (Amerika Birləşmiş Ştatlarının "AJF&Associates İnc.” təşkilatı ilə birgə), "Rəy Monitorinq Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyəti və "İnsan Hüquqları XXI Əsr - Azərbaycan” Fondu (Fransa Respublikasının "Opinion Way” Sosioloji Tədqiqatlar İnstitutu ilə birgə) exit-pollkeçirmək üçün qeydə alındılar. Seçki günü bu qurumlar tərəfindən aparılan sorğuların nəticələri MSK-nın rəsmi nəticələri ilə, xəta əmsalı nəzərə alınmaqla, demək olar ki, üst-üstə düşürdü.

Namizədlərin irəli sürülməsi və qeydə alınması

Milli Məclisə seçkilər təyin edildikdən sonra namizəd qismində seçkiyə qatılmaq niyyətində olan bütün passiv seçki hüququna malik vətəndaşlar dairə seçki komissiyalarına müraciət etdi və lazımi sənədləri təqdim etdikdən sonra imza vərəqələri ilə təmin olundular. MSK tərəfindən dairə seçki komissiyalarına namizədliyin irəli sürülməsi və qeydə alınması prosesində lazım olan hazır formalar təqdim edilmişdi ki, bu da prosedurların sadələşdirilməsinə və namizəd qismində iştirak etmək niyyətində olan vətəndaşların fəaliyyətinin daha da asanlaşdırılmasına imkan yaradırdı. Deputatlığa namizədlər üçün hazırlanan yaddaş kitabçası da bu işdə mühüm əhəmiyyət kəsb edirdi. Seçki komissiyaları sənədlərdə olan çatışmazlıqların aradan qaldırılması istiqamətində daim namizədlərə yardım edir, bu məqsədlə onlara tam şərait yaradılırdı. Namizədlərin sənədlərinin yoxlanılması prosesi də bütün maraqlı şəxslər üçün şəffaf şəkildə aparılaraq ictimaiyyətə tam açıq idi. Siyasi partiyaların və namizədlərin səlahiyyətli nümayəndələri, beynəlxalq müşahidə missiyalarının təmsilçiləri və KİV nümayəndələri mütəmadi şəkildə sənədlərin yoxlanmasına dəvət edilərək onlara prosesləri əvvəldən axıradək birbaşa izləmək və sənədlərlə yaxından tanış olmaq üçün tam şərait yaradıldı.

Ümumilikdə namizədlərin qeydiyyatı prosesi ictimaiyyətin də geniş maraq dairəsində olmaqla, seçkilərdə iştirak edən 19 siyasi partiyanın, eləcə də namizədlikləri öz təşəbbüsü ilə və seçicilərin təşəbbüs qrupu tərəfindən irəli sürülən çoxsaylı namizədlərin fəallığı ilə keçərək uğurla başa çatdı. Seçki Məcəlləsinin tələblərinə əsasən lazımi sənədləri dairə seçki komissiyalarına təqdim edərək 125 deputat yeri uğrunda mübarizəni davam etdirmək niyyətində olan 1 676 nəfərdən 1 637-si qeydə alındı ki, bu da Azərbaycanda keçirilmiş parlament seçkilərində namizədlərin sayı baxımından ən yüksək göstəricilərdən biri idi. Qeydiyyat prosesi ərzində sənədlərdəki çatışmazlıqlarla bağlı mübahisəli məqamlar seçki komissiyaları tərəfindən, qanunvericiliyin ruhu nəzərə alınaraq, namizədlərin xeyrinə həll olunurdu. Məhz bu prinsip əsas götürülərək dairə seçki komissiyalarının qeydiyyatından imtina etdiyi 9 nəfərin namizədliyi MSK tərəfindən qeydə alınmışdı. Təqdim etdiyi sənədlərdə ciddi qanun pozuntuları aşkarlanan 39 namizədin isə qeydə alınması qeyri-mümkün olmuşdu. Namizədlərdən 323-ü qeydə alındıqdansonra təşviqat mərhələsində mübarizəni dayandırmaq qərarına gəldi və yekunda 1 314 namizədin adı seçki bülletenlərinə daxil edildi. Seçki mübarizəsinə davam edən 1 314 namizədin 246-sı 19 siyasi partiya tərəfindən, 11-i təşəbbüs qrupları tərəfindən irəli sürülmüş, 1 057 namizəd isə öz təşəbbüsü ilə seçkilərə qatılmışdı.

Namizədlərin qeydiyyatı prosesinin gedişi və seçkilərə qatılan namizədlər barədə məlumatlar MSK-nın rəsmi internet səhifəsində hər kəs üçün açıq platformada yerləşdirilərək aşkarlıq və şəffaflıq tam təmin olunurdu. Dairə seçki komissiyalarından xüsusi proqram təminatı vasitəsilə namizədliyin irəli sürülməsi və təsdiqi, imza vərəqələrinin götürülməsi, qaytarılması və qeydə alınması da daxil olmaqla, bütün mərhələlər barədə məlumatlar birbaşa MSK-nın internet səhifəsinə ötürülərək ictimai-ləşdirildi. Statistik göstərici və qeydlər gündəlik yenilənməklə istər seçki prosesinin iştirakçıları, istərsə də ictimaiyyətin proses barədə aydın və ətraflı məlumat almasında mühüm rol oynadı.

Yeri gəlmişkən, Milli Məclisə seçkilərlə bağlı seçki bülletenlərinin forması və sayı yanvarın 4-də MSK-nın qərarı ilə təsdiq edildi, yanvarın 27-dən etibarən seçki bülletenlərinin çapına başlanıldı. Ümumilikdə 5 387 600 seçki bülleteni beynəlxalq müşahidə missiyalarının, beynəlxalq və xarici qurumların, habelə KİV-in nümayəndələrinin də iştirakı üçün yaradılan hərtərəfli şəraitdə qanunvericilikdə nəzərdə tutulmuş müddətdə və qaydada vaxtında çap olundu. Seçki bülletenləri fevralın 2-dən etibarən səsvermənin nəticələrinə dair dairə və məntəqə seçki komissiyalarının yekun protokolları ilə birlikdə dairə seçki komissiyalarına, dairə seçki komissiyalarından isə məntəqə seçki komissiyalarına paylanıldı. Həmçinin müşahidəçilər və digər maraqlı seçki subyektlərinə təqdim edilməsi üçün yekun protokolların nümunəsi də, hər birinə 30 nüsxə olmaqla, məntəqə seçki komissiyalarına verildi.

Seçkiqabağı təşviqat

Milli Məclisə seçkilərdə də seçkiqabağı təşviqat subyektlərinin öz təşviqatlarını aparmaları üçün qanunvericilikdə nəzərdə tutulan imkanların təmin olunması məqsədi ilə, qanunvericiliyə uyğun qaydada, MSK başda olmaqla aşağı seçki komissiyaları və digər əlaqədar qurumlar tərəfindən öz səlahiyyətləri daxilində bütün tədbirlər görüldü, azad, ədalətli və şəffaf seçkilərin keçirilməsi üçün ölkə ərazisində bərabər şərtlərə əsaslanan seçkiqabağı təşviqat mühiti yaradıldı.

Namizədlik iddiasında olanlar hətta təşviqat mərhələsi başlamazdan çox-çox əvvəl - Milli Məclisə seçkilər təyin olunduğu gündən sosial şəbəkələr də daxil olmaqla, müxtəlif onlayn platformalardan istifadə edərək seçici kütləsinə xitab etməyə və öz seçki ismarışlarını çatdırmağa başladılar. Onlar bütün seçki kampaniyası ərzində sosial şəbəkələr, veb-portallar və onlayn media vasitəsilə heç bir maneə olmadan sərbəst və geniş təşviqat apardılar. Bundan başqa, Seçki Məcəlləsinin tələblərinə uyğun olaraq, seçkiqabağı təşviqat imkanlarından biri kimi, bütün ölkə ərazisində 136-sı açıq, 136-sı qapalı olmaqla, ümumilikdə 272 daimi görüş yeri ayrılaraq namizədlərin ixtiyarına verildi. Deputatlığa namizədlər heç bir icazə tələbi olmadan, sadəcə dairə seçki komissiyalarını məlumatlandırmaqla həmin yerlərdən ödənişsiz istifadə edərək öz seçiciləri ilə sərbəst şəkildə seçkiqabağı toplantılarını keçirdilər. Deputatlığa namizədlər daimi görüş yerləri ilə yanaşı, qanunvericiliklə qadağan edilməyən digər müvafiq yerlərdən də istifadə edərək öz seçiciləri ilə görüşür, xüsusilə məhəlli toplantılara və "qapı-qapı dolaşmaq” yolu ilə təşviqata da üstünlük verirdilər. O cümlədən, seçkiqabağı təşviqat kampaniyası dövründə plakatların və başqa çap materiallarının yerləşdirilməsi üçün digər yerlərlə yanaşı, seçki komissiyaları tərəfindən məhz bu məqsədlə quraşdırılan on mindən çox böyük ölçülü məlumat lövhəsi təşviqat subyektlərinin ixtiyarına verildi. Öz seçki platformalarını seçicilərə çatdırmaq üçün namizədlər KİV-dən də geniş istifadə imkanı əldə etdilər. Təşviqat məqsədilə ödənişli efir vaxtı təklif etmiş 40 kütləvi informasiya vasitəsi tərəfindən namizədlərə təklif olunan qiymət və şərtlər MSK-ya təqdim edildi, bu məlumatlar maraqlı tərəflərin tanış olması üçün Komissiyanın internet səhifəsində yerləşdirildi və bütün namizədlər üçün şərtlərin bərabərliyi prinsipi daim nəzarətdə saxlanıldı.

İnternetin və sosial şəbəkələrin tam azad olduğu, əhalisinin 80 faizdən çoxu internetdən istifadə imkanından bəhrələnən və onlayn media izləyicilərinin nəzərəçarpacaq dərəcədə artdığı Azərbaycanda bu seçkilər ərzində namizədlər xüsusilə elektron məlumat platformalarından – sosial şəbəkələr, veb-portallar və digərlərindən daha fəal istifadə etməklə öz seçkiqabağı ismarışlarını seçicilərə çatdırırdılar.

Yanvarın 17-dən start götürən təşviqat kampaniyası siyasi partiyaların və müstəqil namizədlərin yüksək fəallığı ilə aşkar mübarizə şəraitində keçdi və fevralın 8-i saat 08:00-da başa çatdı.

Seçki günü

Milli Məclisə seçkilərdə ölkə üzrə bütün 5 573 seçki məntəqəsi səsvermə gününə tam hazır vəziyyətə gətirildi və seçki günü məntəqələr qanunvericiliyin tələblərinə uyğun olaraq saat 08:00-da səsvermə üçün açıq elan edildi. Seçicilər seçki məntəqələrinə gələrək azad və sərbəst şəkildə səs verdilər və seçicilərin 46,84 faizi səsvermədə iştirak etdi. Seçki Məcəlləsində nəzərdə tutulduğu kimi, gün ərzində 5 dəfə seçicilərin fəallığı barədə məlumatlar Dövlət Avtomatlaşdırılmış İnformasiya Sistemi üzərindən xüsusi proqram təminatı vasitəsilə MSK-ya ötürüldü və birbaşa Komissiyanın internet səhifəsində oturmaqla ictimaiyyətə təqdim olundu. Seçki günü MSK-nın konfrans zalından birbaşa yayım vasitəsilə ictimaiyyəti seçkilərin nəticələri barədə məlumatlandırmaq məqsədilə yerli və xarici KİV nümayəndələrinə canlı efirə bağlanmaq üçün bütün imkanlar yaradıldı. Respublikada fəaliyyət göstərən bütün telekanallar gün ərzində MSK və aşağı seçki komissiyalarının fəaliyyəti də daxil olmaqla, seçki prosesini işıqlandırmaq üçün canlı müsahibə və xəbər buraxılışları yayımladı, MSK-ya daxil olan məlumatların işlənməsində birbaşa iştirak etdilər.

Seçkilər sakit atmosferdə və rəvan keçdi, saat 19:00-da seçki məntəqələri bağlandıqdan və səsvermə başa çatdıqdan sonra isə fasiləsiz olaraq səslərin hesablanmasına başlanıldı. Yerli və beynəlxalq ictimaiyyətin seçkilərin nəticələri ilə tanış olması üçün səsvermə başa çatdıqdan bir neçə saat sonra ölkə üzrə 5 573 seçki məntəqəsinin 4 823-dən (təqribən 87%-dən) daxil olmuş məlumatlar əsasında seçki dairələri üzrə səsvermənin ilkin nəticələri və lider namizədlər haqqında məlumatlar ictimaiyyətin diqqətinə çatdırıldı. Ölkə üzrə bütün seçki məntəqələrinin protokol məlumatları səslərin sayılması və nəticələrin müəyyənləşdirilməsi prosesi başa çatdıqca operativ şəkildə MSK-ya ötürülərək birbaşa Komissiyanın internet səhifəsində oturmaqla ictimailəşirdi.

Səsvermə günü MSK-ya heç bir rəsmi müraciət və ya şikayət daxil olmadı. Komissiyanın qaynar xəttinə və elektron poçt ünvanlarına daxil olan ümumilikdə 300-ə yaxın sorğu və məlumat xarakterli müraciət isə operativ şəkildə reaksiya verilməklə cavablandırıldı və müvafiq addımlar atıldı.

Səsvermənin nəticələrinə dair seçki komissiyalarının protokolları, onlara əlavə edilməli digər seçki sənədləri ilə birlikdə, qanunla müəyyən olunmuş qaydada və müddətdə müvafiq yuxarı seçki komissiyalarına çatdırıldı.

Müraciətlərə baxılması və seçkilərə yekun vurulması

Milli Məclisə seçkilərdə MSK-ya qanunvericiliyin tələbinə uyğun qaydada səsvermə gününədək 47, seçki günündən sonra isə bəzi məntəqələrdə səsvermənin gedişi və nəticələrə dair 122 müraciət daxil oldu. Bütün müraciətlər Seçki Məcəlləsinə uyğun şəkildə hərtərəfli araşdırılaraq mahiyyəti üzrə qərarlar qəbul edildi. Şikayətçilərin iştirakı ilə müraciətlərin araşdırılması qanunvericiliyə uyğun olaraq MSK-nın ekspert qrupunun üzvləri tərəfindən həyata keçirilirdi. Bu zaman maraqlı tərəflərin cəlb olunması və fərqli statuslu subyektlərin müşahidə aparmaq arzusu da təmin edilirdi. Araşdırma prosesinin bütün mərhələləri ilə bağlı məlumatlar (müraciətin daxilolma nömrəsi, tarixi, saatı, müraciət edən şəxsin məlumatları, müraciətin məzmunu, araşdıran ekspert, araşdırmaya dair ekspert rəyi, MSK-nın araşdırma ilə bağlı atdığı addımlar və qərarı da daxil olmaqla) Komissiyanın internet səhifəsində operativ qaydada yerləşdirilir və prosesin şəffaflığı təmin olunurdu. Müraciət və şikayətlərə baxılmasına dair MSK-nın iclaslarında ekspert qrupu üzvlərinin araşdırmanın nəticələrinə dair təqdimatı və müraciət edən şəxslərin iddia və fikirləri dinlənilərək maraqlı tərəflərin iştirakı ilə geniş müzakirə olunur, araşdırmanın yekununa əsasən qərar qəbul olunurdu. Komissiyanın müraciətlərə baxılan iclasları da bütün digər iclaslar kimi KİV, beynəlxalq qurumlar və digər səlahiyyətli subyektlərin iştirakı ilə keçirilirdi.

Dairə seçki komissiyaları tərəfindən təqdim edilmiş protokollar və onlara əlavə edilən sənədlərin, MSK-nın qaynar xətt xidmətinə daxil olan müraciət və məlumatların, Komissiyaya ünvanlanan rəsmi müraciətlərin və sosial şəbəkələrdə yerləşdirilən materialların tam, şəffaf və hərtərəfli araşdırılması nəticəsində MSK-nın qərarı ilə 33 saylı Xətai birinci, 35 saylı Xətai üçüncü, 74 saylı Lənkəran kənd və 80 saylı İmişli-Beyləqan seçki dairələri üzrə Milli Məclisə seçkilər etibarsız sayıldı, ümumilikdə 328 seçki məntəqəsi üzrə səsvermənin nəticələri ləğv olundu. Seçkilərin hazırlanması, keçirilməsi və nəticələrin müəyyən olunması zamanı fəaliyyətlərində yol verdikləri nöqsanlara görə 87 seçki məntəqəsi üzrə məntəqə seçki komissiyaları da buraxıldı.

Milli Məclisə seçkilərlə əlaqədar daxil olan bütün müraciətlər araşdırıldıqdan və beynəlxalq müşahidəçilərin, xarici qurumların, KİV nümayəndələrinin, həmçinin ərizəçilərin mütləq əksəriyyətinin də iştirakı ilə iclaslarda baxılaraq müvafiq qərarlar qəbul edildiyi mərhələ başa çatdıqdan sonra MSK-nın fevralın 25-də keçirilən iclasında Milli Məclisə seçkilərdə yekunların müəyyən edilməsi ilə əlaqədar işlər başa çatmış hesab edildi, səsvermənin ümumi yekunlarına dair MSK-nın yekun protokolu tərtib olundu və bütün Komissiya üzvləri tərəfindən imzalanaraq təsdiqləndi. Seçki Məcəlləsinin tələbinə uyğun olaraq, Komissiyanın qərarı ilə Milli Məclisə seçkilərin ümumi yekunlarına dair MSK-nın Protokolu müvafiq sənədlərlə birlikdə seçkilərin yekunlarının təsdiq edilməsi üçün fevralın 25-də Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinə təqdim olundu. Konstitusiya Məhkəməsi Plenumunun martın 5-də keçirilən iclasında Azərbaycan Respublikasının Milli Məclisinə 2020-ci il fevralın 9-da keçirilmiş seçkilərin 121 seçki dairəsi üzrə nəticələri rəsmi olaraq təsdiq edildi.