Bələdiyyə seçkiləri - 2019

AZƏRBAYCAN RESPUBLİKASI
MƏRKƏZİ SEÇKİ KOMİSSİYASININ
HESABATI


Bələdiyyə seçkiləri - 2019


www.msk.gov.az
www.cec.gov.az
www.infocenter.gov.az



2014-cü il dekabrın 23-də keçirilmiş seçkilər nəticəsində formalaşmış bələdiyyələrin qanunvericiliklə müəyyən olunan səlahiyyət müddətinin başa çatmaq üzrə olduğu nəzərə alınaraq, Mərkəzi Seçki Komissiyasının (MSK) 18 oktyabr 2019-cu il tarixli iclasında bələdiyyə seçkilərinin təyin edilməsi məsələsi müzakirə edildi və həmin iclasda Komissiyanın 7/24 saylı qərarı ilə növbəti bələdiyyə seçkilərinin 2019-cu il dekabrın 23-də keçirilməsi qərara alındı. Seçkilər təyin olunduqdan sonra "Azərbaycan Respublikasında bələdiyyə seçkilərinin hazırlanıb keçirilməsi üzrə əsas hərəkət və tədbirlərin Təqvim Planı” təsdiq edildi və seçkilərin hazırlanıb keçirilməsi ilə bağlı bütün layihələr və addımlar Təqvim Planına uyğun reallaşdırıldı. İclasda vətəndaşların seçki hüquqlarının pozulması ilə əlaqədar hərəkətlərdən (hərəkətsizlikdən) və qərarlardan şikayətlərin araşdırılması məqsədilə MSK nəzdində 9 nəfərdən ibarət Ekspert qrupu, habelə bələdiyyə seçkilərində namizədin qeydə alınması üçün təqdim olunan imza vərəqələrində və onlara əlavə edilən sənədlərdə olan məlumatların düzgünlüyünü yoxlamaq üçün müvafiq dövlət qurumlarının mütəxəssisləri sırasından ekspertlərdən ibarət işçi qrupu yaradıldı.

Komissiya 2019-cu ilin bələdiyyə seçkiləri ili olduğunu nəzərə alaraq, ölkə ərazisində mövcud olan 1 606 bələdiyyə üzrə 15 156 yerə azad və ədalətli seçkilərin keçirilməsi üçün hələ ilin əvvəllərindən etibarən bir sıra layihələrin həyata keçirilməsinə və bütün lazımi tədbirlər görülməsinə başladı.

Seçki prosesinin vacib mərhələləri kimi seçicilər siyahısının dəqiqləşdirilməsi, normativ-hüquqi bazanın təkmilləşdirilməsi, seçicilər və aşağı seçki komissiyalarının üzvləri də daxil olmaqla, seçki subyektlərinin maarifləndirilməsi, bələdiyyə üzvlüyünə namizədlərin irəli sürülməsi və qeydə alınması, bərabər seçkiqabağı təşviqat imkanının təminatı, müşahidəçilər və kütləvi informasiya vasitələri nümayəndələrinin fəaliyyəti üçün tam sərbəst şəraitin yaradılması və Seçki Məcəlləsində nəzərdə tutulan bütün digər vəzifələrin icrasına xüsusi diqqətlə yanaşıldı. Bütövlükdə seçkilərin yüksək səviyyədə hazırlanıb, azad, ədalətli və şəffaf keçirilməsi üçün həyata keçirilən tədbirləri və atılan addımları aşağıdakı şəkildə qruplaşdırmaq olar:

Seçici siyahılarının dəqiqləşdirilməsi

Seçkilərin keçirilməsində mühüm sənəd olduğu nəzərə alınaraq, bələdiyyə seçkilərinə hazırlıqla bağlı ilk vacib addım seçicilər siyahısının dəqiqləşdirilməsi istiqamətində atıldı. Belə ki, seçki qanunvericiliyinin tələblərinə əsasən, 2019-cu il yanvar ayının əvvəllərindən etibarən ölkə üzrə vahid seçicilər siyahısının dəqiqləşdirilməsinə start verildi. İlkin olaraq məntəqə seçki komissiyalarının üzvləri müvafiq məntəqələrin seçicilər siyahısını dəqiqləşdirdilər. Sonradan bu məlumatlar dairə seçki komissiyalarına ötürüldü və onlar da öz növbəsində məntəqə seçki komissiyalarından daxil olan seçici siyahılarını yoxlayaraq, əlaqədar qurumlardan (yerli Qeydiyyat və şəxsiyyət vəsiqəsi şöbəsi, Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı şöbəsi və vətəndaşların qeydiyyatını aparan digər aidiyyəti qurumlar) daxil olan məlumat və statistik göstəricilərlə bir daha təhlil etdilər. Növbəti mərhələdə MSK seçicilərin daxil olduğu məlumat bazasını toplayıb, siyahılarda olan mümkün təkrar və qeyri-dəqiqlikləri seçicilərin məlumatlarının keyfiyyət və statistik təhlili üçün xüsusi proqram vasitəsilə yoxladıqdan və lazımi dəqiqləşdirmələr apardıqdan sonra seçici siyahılarının dürüst variantını DSK-lara təqdim etdi. Seçici siyahılarının bu müddət ərzində dəqiqləşdirilən son variantının bir nüsxəsi dairə seçki komissiyalarında, digər nüsxəsi isə MSK-da saxlanıldı, o cümlədən dəqiqləşdirilən sonuncu nüsxə MSK-nın internet səhifəsində yerləşdirildi. Seçici siyahılarının dəqiqləşdirilməsi prosesi, Seçki Məcəlləsinin tələblərinə əsasən, seçkilərə hazırlığa rəsmi start verildikdən sonra da həyata keçirildi və seçki gününə 25 gün qalanadək yekunlaşdırıldı.

Qeyd etmək lazımdır ki, otuz mindən artıq aşağı seçki komissiyası üzvünün cəlb olunduğu kifayət qədər əhatəli və genişmiqyaslı proses müvafiq qurumlarla sıx və intensiv əməkdaşlıq şəraitində reallaşdırıldı. Siyahıların dəqiqləşdirilməsində seçicilərimizin də maraqlı olması və aktiv iştirakı, dəqiqləşdirmə prosesi ərzində televiziya və radio kanallarında MSK tərəfindən hazırlanmış seçiciləri seçici siyahılarında öz məlumatlarını yoxlamağa təşviq edən video və audio çarxların yayımlanması, habelə MSK-nın 115 nömrəli qaynar xətti və internet səhifəsindəki onlayn xidmət aparılan işlərin səmərəliliyini daha da artırdı. Yeri gəlmişkən, seçici siyahıları da daxil olmaqla, ümumilikdə seçki məsələləri ilə əlaqədar daimi fəaliyyət göstərən 115 nömrəli qaynar xəttə və elektron qaynar xətlərə daxil olan bütün müraciətlərə MSK tərəfindən operativ reaksiya verilərək lazımi tədbirlər görüldü. Daxil olan müraciətlər əsasən seçici siyahılarında seçici məlumatlarının yoxlanması, zəruri hallarda düzəlişlər edilməsi, hüquqi və texniki məsələlər və s. barədə idi. Seçki komissiyalarının müvafiq qurumlarla əməkdaşlığı şəraitində ardıcıl və intensiv şəkildə aparılan genişmiqyaslı və çox əhatəli fəaliyyət sayəsində son illərdə olduğu kimi, 2019-cu il üçün də seçici siyahılarının standartlara uyğun hazırlanmasına nail olundu.

Bələdiyyələrə seçkilərə start verilərkən, "Bələdiyyələrin əraziləri və torpaqları haqqında” Qanuna əlavə edilmiş "Azərbaycan Respublikasında bələdiyyələrin siyahısı”nda dəyişiklik edilməsi barədə Qanun 12 fevral 2016-cı ildə qəbul edildikdən sonra respublika üzrə bələdiyyələrin sayının 1 606 olduğu müəyyənləşmiş və bələdiyyələr barədə məlumatlar rəsmi olaraq Azərbaycan Respublikasının Milli Məclisindən MSK-ya göndərilmişdi. Həmçinin hər bir seçki dairəsinin ərazisində yerləşən mövcud bələdiyyələr, əhalinin sayına görə bələdiyyələrə seçiləcək üzvlərin sayı, seçki məntəqələrinin dislokasiyası, seçki məntəqələri üzrə seçicilərin sayı və məntəqə seçki komissiyalarının tərkibi barədə məlumatlar yenilənərək ictimailəşdirildi.

Bəzi seçki dairələri və məntəqələri üzrə seçicilərin sayının təmsilçilik normasına uyğunlaşdırılması, eləcə də seçicilərin və digər seçki subyektlərinin hüquqlarının həyata keçirilməsinə daha səmərəli və rahat imkan yaradılması istiqamətində də məqsədyönlü iş aparıldı. Seçicilər üçün maksimum əlverişli şəraitin təmin olunmasının zəruriliyi, yerli şəraitin münasibliyi, seçki dairələrinin sərhədlərinin pozulmasının yolverilməzliyi və seçicilərin sayının qanunvericiliklə müəyyən olunmuş normalara uyğunluğuna dair Seçki Məcəlləsinin tələbləri nəzərə alınaraq 2 seçki dairəsi üzrə 3 yeni seçki məntəqəsi yaradıldı.

Azərbaycan Respublikasının seçki qanunvericiliyi əcnəbilərin də seçkilərdə iştirak qaydalarını müəyyən edir və tənzimləyir. Belə ki, Seçki Məcəlləsinin və MSK tərəfindən hazırlanıb təsdiq edilən "Vətəndaşlığı olmayan şəxslərin və əcnəbilərin seçkilərdə (referendumda) iştirakına dair” Təlimatın tələblərinə uyğun olaraq Azərbaycanın ərazisində yaşayan əcnəbilər bələdiyyələrə seçkilərin keçirildiyi gün (həmin gün də daxil olmaqla) 18 yaşına çatdıqda və bələdiyyələrə seçkilərin təyin edilməsinədək (seçkilərin təyin edilməsi ili də daxil olmaqla) 5 ildən az olmayaraq müvafiq bələdiyyənin ərazisində yaşadıqda, o şərtlə səsvermədə iştirak edə bilərlər ki, onların vətəndaşı olduqları ölkələrdə bələdiyyələrə seçkilərdə əcnəbilərin eyni hüquqları tanınmış olsun.

2019-cu il bələdiyyə seçkilərində Seçki Məcəlləsinin tələblərinə uyğun olaraq, Azərbaycanda keçirilən bələdiyyə seçkilərində səsvermə hüququna malik 3 648 əcnəbi seçicinin (9 xarici ölkənin vətəndaşı olan) 116 seçki dairəsi üzrə 1 108 seçki məntəqəsində səs verməsi üçün müvafiq addımlar atılmış və lazımi şərait yaradılmışdı.

MSK-nın aşağı seçki komissiyalarının maarifləndirilməsi proqramı çərçivəsində keçirilən tədbirlərdə seçkilərlə bağlı müxtəlif aktual məsələlərlə yanaşı, əcnəbilərin bələdiyyə seçkilərində iştirak qaydaları da müzakirə edilir, aşağı seçki komissiyalarının üzvləri əcnəbilərin səsvermə hüquqlarının realizə imkanları və buna dair seçki qanunvericiliyinin müddəaları barədə ətraflı məlumatlandırılırdı.

Aşağı seçki komissiyalarının bələdiyyə seçkilərinə hazırlığı

MSK 2019-cu ildə bələdiyyə seçkilərinin keçirilməli olduğunu nəzərə alaraq, seçkilərə start veriləndən təqribən 6 ay əvvəl, seçkilərə hazırlıqla bağlı dairə və məntəqə seçki komissiyalarındakı mövcud vəziyyətin və maddi-texniki təminatın öyrənilməsi üçün monitorinqlər apardı, istər aşağı seçki komissiyalarının iş şəraitinin daha da yaxşılaşdırılması, istərsə də lazımi qaydada təchiz olunması istiqamətində zəruri addımlar atdı. Belə ki, aşağı seçki komissiyalarının hamısının lazımi çap materialları, əyani vəsaitlər, səsvermə üçün seçki qutuları, gözlə görünməyən mürəkkəb balonları, ultrabənövşəyi fənərlər və onlar üçün əlavə batareyalar, səsvermə kabinələri, birdəfəlik təhlükəsizlik kilidləri, protokolların saxlanması məqsədilə xüsusi çantalar, sənədlərin daşınması üçün kisələr, dəftərxana ləvazimatı və digər zəruri vasitələrlə təminatı məsələsi həll olundu və seçki gününə tam hazır vəziyyətə gətirildi.

Bələdiyyə seçkilərində meydana çıxan yeniliklərdən biri də yeni nəsil şəxsiyyət vəsiqələrindən istifadə etməklə səsvermə idi. Belə ki, Azərbaycanda 2018-ci ilin sonlarından etibarən vətəndaşlara verilən və geniş yayılan yeni nəsil şəxsiyyət vəsiqəsində səs verərkən qanunvericiliyə əsasən yoxlanılması tələb olunan bəzi məlumatlar vizual olaraq qeyd edilmir, yalnız vəsiqədəki elektron məlumat daşıyıcısı olan çipdə yerləşdirilir. MSK sözügedən məsələni araşdıraraq seçicilərin müvafiq məlumatlarının oxunması üçün dairə və məntəqə seçki komissiyalarını xüsusi hazırlanmış proqramlarla təmin olunan çip-oxuyan qurğularla təchiz etdi. Eləcə də aşağı seçki komissiyalarının üzvlərində bu qurğulardan istifadə bacarıqlarının aşılanması üçün müvafiq məlumatları əks etdirən videoçarx hazırlanaraq müxtəlif vasitələrlə yayımlandı və bukletlər çap olunaraq komissiya üzvlərinə çatdırıldı. Seçki günü səsvermə zamanı yeni nəsil şəxsiyyət vəsiqəsindən istifadə edən seçicilərin qanunvericiliklə tələb olunan məlumatları bu qurğular vasitəsilə yoxlandı və onların səsverməsi təmin olundu.

Qeyd olunmalıdır ki, aşağı seçki komissiyalarında maarifləndirmə-monitorinq tədbirləri mütəmadi xarakter daşıyır, hər il keçirilən monitorinqlərin nəticələri ətraflı təhlil edilir və lazımi layihələr həyata keçirilir.

Seçkilərin normativ-hüquqi bazası

Seçkilərin azad, ədalətli və şəffaf keçirilməsində, eləcə də seçki iştirakçılarının maarifləndirilməsində və fəaliyyətlərinin təkmilləşdirilməsində hüquqi çərçivə və təkmil normativ-hüquqi baza da əhəmiyyətli rol oynayır. Aşağı seçki komissiyalarının üzvləri də daxil olmaqla bütün seçki prosesi iştirakçılarının maarifləndirilməsi yolu ilə seçki qanunvericiliyinin müddəalarının icrasında peşəkarlığın yüksəldilməsi, seçkilərdə iştirakla əlaqədar hüquqi biliklərin daha da artırılmasına nail olmaq məqsədilə MSK təlimat, izah və qaydalar şəklində 48 normativ xarakterli sənəd hazırladı. Seçkilərlə bağlı qanunvericilikdə nəzərdə tutulan çoxsaylı müxtəlif prosedurların ardıcıl, səmərəli və keyfiyyətlə gerçəkləşdirilməsi, seçki prosesi iştirakçılarına metodiki kömək göstərilməsi, o cümlədən, seçkilərin yüksək səviyyədə hazırlanıb keçirilməsi məqsədi daşıyan bu sənədlər MSK üzvləri tərəfindən baxıldıqdan və geniş müzakirə olunduqdan sonra Komissiyanın iclaslarında qəbul edildi, maraqlı şəxslərin əldə edə bilmələri üçün 16 toplu şəklində nəşr etdirilərək aşağı seçki komissiyalarına paylanıldı və maraqlı tərəflərə çatdırıldı, həmçinin Azərbaycan və ingilis dillərində MSK-nın rəsmi internet səhifəsində yerləşdirildi.

Beynəlxalq əməkdaşlıq çərçivəsində görüşlər

Beynəlxalq təşkilatlar və xarici ölkələrin ali seçki qurumları ilə qarşılıqlı əlaqələrin təşəkkülü və genişləndirilməsi, xarici dövlətlərin seçki qanunvericiliyinin, beynəlxalq təcrübənin öyrənilməsi və qarşılıqlı təcrübə mübadiləsinin aparılması MSK-nın əsas prioritetləri sırasındadır. İlbəil genişlənən beynəlxalq əlaqələri çərçivəsində Komissiyabu prioritetləri diqqətdə saxlayaraq daim öz fəaliyyətini beynəlxalq və xarici təşkilatlarla sıx münasibətlər şəraitində qurur, vaxtaşırı görüşlər keçirilir, qarşılıqlı səfərlər təşkil olunur və seçkilərlə bağlı müxtəlif sahələr üzrə əməkdaşlıq perspektivləri müzakirə edilir.

Yerli əhəmiyyət kəsb etməsinə baxmayaraq, bələdiyyə seçkilərində də MSK-nınxarici əlaqələri təcrübə mübadiləsi və şəffaflıq fonunda davam etdirildi. Seçkiləri izləmək üçün ölkəmizə təşrif buyuran Gürcüstan və Ukrayna MSK-larının sədrləri, o cümlədən Moldova, Rumıniya, Belarus, Bolqarıstan, Qazaxıstan, Qırğız və Litva ali seçki qurumlarından olan nümayəndə heyətləri ilə MSK-da görüşlər keçirildi, bələdiyyə seçkiləri ilə bağlı müxtəlif mövzularda fikir mübadiləsi aparıldı və qarşılıqlı faydalı əməkdaşlığın daha da dərinləşdirilməsi üçün birgə səylər müzakirə olundu.

Müxtəlif istiqamətli maarifləndirmə tədbirləri

Seçki hüququ üzrə ixtisaslaşdırılmış kurslar

Bələdiyyə seçkilərində MSK-nın mühüm əhəmiyyət verdiyi sahələrdən biri də maarifləndirmə idi. Azərbaycan Respublikası Prezidentinin 27 dekabr 2011-ci il tarixli "Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramının təsdiq edilməsi haqqında” Sərəncamına əsasən dairə və məntəqə seçki komissiyaları üzvlərinin maarifləndirilməsi üçün bir sıra layihələr gerçəkləşdirildi. İlkin olaraq bu məqsədlə 2 mərhələli geniş layihə icra olundu. Birinci mərhələ çərçivəsində oktyabrın 11-də MSK-nın inzibati binasında dairə seçki komissiyalarının sədrləri üçün müşavirə keçirildi. Tədbir ərzində MSK rəhbərliyi və üzvləri ilə yanaşı, respublikanın bir sıra ali dövlət qurumlarının – Azərbaycan Respublikası Prezidentinin Administrasiyası, Milli Məclis, Baş Prokurorluq, Daxili İşlər Nazirliyi, Ədliyyə Nazirliyi, Ali Məhkəmə və Bakı Apellyasiya Məhkəməsinin rəhbər şəxsləri müxtəlif mövzularda DSK sədrləri qarşısında çıxış etdilər. Tədris proqramına seçkilərin hazırlanması və keçirilməsi prosesində yerli icra orqanlarının vəzifələri və onların seçki komissiyaları ilə qarşılıqlı fəaliyyəti, bələdiyyələrin yenidən təşkili təcrübəsinin onların fəaliyyətinə və bələdiyyə seçkilərinə təsiri, seçki hüquqlarının qorunmasında prokurorluq orqanlarının rolu, seçki prosesində Daxili İşlər Nazirliyi orqanlarının fəaliyyət istiqamətləri, vətəndaşların seçki hüquqlarının reallaşdırılmasında ədliyyə orqanlarının vəzifələri, seçki hüququnun məhkəmə müdafiəsi, seçki təcrübəsi və beynəlxalq əməkdaşlıq, Dövlət Avtomatlaşdırılmış İnformasiya Sisteminin yeni funksional imkanları və onlardan istifadə qaydaları kimi mövzular daxil edildi, o cümlədən əvvəlki illərdə keçirilən seçkilər və "öyrənilmiş dərslər” nəzərdən keçirildi. İştirakçılar onları maraqlandıran suallarla natiqlərə müraciət edərək lazımi məlumatları aldılar.

Layihənin ikinci mərhələsində seçki dairələri üzrə dairə seçki komissiyalarının üzvləri və məntəqə seçki komissiyalarının sədrləri üçün 15-17 oktyabr tarixlərində regionlarda seçki hüququ üzrə ixtisaslaşdırılmış kurslar keçirildi. Aşağı seçki komissiyaları üzvlərinin peşə hazırlığının artırılması, seçkilər sahəsində onların bilik, bacarıq və işgüzar vərdişlərinin daha da təkmilləşdirilməsi məqsədi daşıyan kurslar çərçivəsində MSK təmsilçiləri, dairə seçki komissiyaları sədrləri, rayonların yerli icra hakimiyyəti, məhkəmə, prokurorluq və polis orqanlarının rəhbər şəxsləri tərəfindən mühazirələr oxundu, təqdimatlar edildi. Ümumilikdə seçki hüququ üzrə ixtisaslaşdırılmış kurslar 6 000-dən çox seçki rəsmisini əhatə etdi və bu kurslarda aşağı seçki komissiyalarının üzvləri seçki prosesi haqqında hərtərəfli məlumat əldə etdilər. Beynəlxalq (xarici) qurumların təmsilçilərinin də dəvət olunduğu kursların gedişi KİV-lər tərəfindən işıqlandırıldı və ictimaiyyətə geniş məlumat verildi.

Namizədlərin qeydiyyatı prosedurlarının gücləndirilməsi ilə bağlı tədbir

Növbəti maarifləndirmə tədbiri bələdiyyə üzvlüyünə namizədlərin qeydiyyatı prosedurlarına həsr olundu. Oktyabrın 24-dən başlayaraq iki gün ərzində Bakı şəhərində keçirilən seminarlarda MSK üzvləri və Katibliyin əməkdaşları tərəfindən bələdiyyə seçkilərində namizədliyin qeydiyyatı üzrə qanunvericiliyin tələbləri, həmçinin namizədliyin irəli sürülməsi və qeydə alınması prosedurlarına dair müxtəlif mövzularda çıxışlar dinlənildi, əyani vəsaitlərdən istifadə edilməklə keçirilən təqdimatlarda əlaqədar məsələlərlə bağlı ətraflı məlumat verildi və iştirakçıları maraqlandıran suallar cavablandırıldı. Tədbir çərçivəsində, hər bir iştirakçıya MSK-nın bələdiyyə üzvlüyünə namizədlər üçün hazırladığı yaddaş kitabçası təqdim edildi. Kütləvi informasiya vasitələri tərəfindən geniş işıqlandırılan tədbirlərdə seçki keçirilən dairələrin hər birindən iki təmsilçi – sədr və bələdiyyə üzvlüyünə namizədliyin qeydə alınması üçün təqdim edilən imza vərəqələrində və onlara əlavə edilmiş sənədlərdə olan məlumatların düzgünlüyünü yoxlamaq məqsədilə dairə seçki komissiyaları nəzdində yaradılan işçi qrupunun rəhbərləri olmaqla, ümumilikdə 250-yə yaxın aşağı seçki komissiyası rəsmisi iştirak etdi.

Ekspert qruplarının üzvləri üçün seminarlar

Vətəndaşların seçki hüquqlarının daha səmərəli təmin olunması diqqətdə saxlanılaraq MSK-nın maarifləndirmə proqramı çərçivəsində oktyabrın 29-dan noyabrın 4-dək müvafiq olaraq Gəncə, Şəki, Masallı və Bakıda seçkilərlə bağlı müraciətlərin araşdırılmasına həsr olunan regional seminarlar da keçirildi. Layihənin gerçəkləşdirilməsində başlıca məqsəd dairə seçki komissiyalarının ekspert qrupu üzvlərinin müraciətlərə baxılması ilə bağlı məlumatının artırılması, praktiki vərdişlərinin gücləndirilməsi və fəaliyyətlərinin daha da təkmilləşdirilməsindən ibarət idi. Tədbirlər zamanı MSK təmsilçiləri iştirakçıları seçkilərlə bağlı qanunvericiliyin tələbləri və seçki hüququnun pozulmasına dair Seçki Məcəlləsində əks olunmuş məsələlər, şikayət vermək hüququna malik subyektlər, şikayətin obyekti, forması və məzmunu, seçki hüquqlarının pozulmasına dair şikayət verilmə müddəti, şikayətə dair qərar qəbul edilməsi müddəti, eləcə də müraciət və şikayətin qəbul olunmasından sonrakı növbəti prosedurlar barədə ətraflı məlumatlandırdı. Regionlar üzrə bütün seminarların sonunda seçki hüquqlarının pozulmasını iddia edən subyektlərin müraciətləri zamanı qarşıya çıxan məsələlər, şikayət və müraciətlərin xarakteri, ekspert qrupu üzvlərinin həyata keçirəcəyi tədbirlərin ardıcıllığı, qərarların qəbulu və tərtib olunması, eləcə də digər məsələlər əyani vəsaitlərlə praktiki şəkildə izah olundu, həmçinin praktiki məşğələlər zamanı kazuslar üzrə müxtəlif şikayət və müraciət nümunələri nəzərdən keçirildi, aidiyyəti seçki komissiyalarının həmin şikayətlərə dair müvafiq qərarlarının qəbul edilməsi müzakirə olundu. Seçki hüququnun pozulmasına dair müraciətlərə baxılmasına həsr olunan regional seminarlar ölkə üzrə bələdiyyə seçkiləri keçirilən dairələrdə seçki qanunvericiliyinə əsasən yaradılan 3 nəfərdən ibarət ekspert qruplarının bütün üzvlərini əhatə etdi.

Seçki mübahisələrinin həllinə həsr olunan seminar-müşavirələr

MSK-nın maarifləndirmə proqramına əsasən ilk dəfə olaraq seçki hüquqlarının pozulmasına dair şikayətlərin məhkəmə qaydasında həlli mövzusunda beşgünlük regional seminar-müşavirələr keçirildi. Layihənin seçki praktikasının təkmilləşdirilməsindəki mühüm əhəmiyyəti nəzərə alınaraq noyabrın 12-də Bakı şəhərində keçirilən ilk seminar-müşavirə MSK sədrinin açılış nitqi ilə başladı və tədbirdə daha sonra Ali Məhkəmənin kollegiya sədri, eləcə də Bakı Apellyasiya Məhkəməsi və Sumqayıt Apellyasiya Məhkəməsinin sədrləri çıxış etdilər. Növbəti mərhələdə noyabrın 13-dən 19-dək Gəncə, Şəki, Şirvan və Naxçıvanda müvafiq məhkəmə orqanları nümayəndələrinin iştirakı ilə keçirilən seminar-müşavirələr seçki mübahisələrinin həlli ilə bağlı dairə seçki komissiyalarının məlumatının artırılması, bu istiqamətdə görülən işlərin effektivliyinin gücləndirilməsi və vətəndaşların seçki hüquqlarının daha səmərəli təmin olunmasına hədəflənmişdi. Tədbirlərin gündəliyinə uyğun olaraq seminar-müşavirələrdə MSK, Ali Məhkəmə və regional apellyasiya məhkəmələrinin təmsilçiləri tərəfindən "Vətəndaşların seçki hüquqlarının pozulması ilə əlaqədar şikayət və müraciətlərin verilməsi və onların araşdırılması qaydası”, "Seçki hüquqlarının müdafiəsi ilə bağlı qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi” və "Məhkəmədə seçki hüquqlarının müdafiəsi ilə bağlı işlər üzrə icraat” mövzularında təqdimatlar keçirildi, seçki mübahisələrinin həllinə dair çıxışlar dinlənildi. Seçki mübahisələrinin həllinə həsr olunan seminar-müşavirələr bələdiyyə seçkiləri keçirilən bütün seçki dairələrinin dairə seçki komissiyalarını əhatə etdi.

Aşağı seçki komissiyalarının üzvləri üçün treninqlər

Bələdiyyə seçkilərində aşağı seçki komissiyaları üzvlərinin peşəkarlıq səviyyəsinin artırılması da prioritet məsələlərdən biri idi. Bu istiqamətdə gerçəkləşdirilən əsas layihə 30 000-dən artıq aşağı seçki komissiyası üzvünü əhatə edən ənənəvi treninqlər oldu. Vurğulamaq lazımdır ki, hələ 2002-ci ildə müxtəlif beynəlxalq təşkilatlarla birgə əməkdaşlıq şəraitində əsası qoyulan və ilbəil təkmilləşdirilərək 2008-ci ildən daha da genişləndirilən treninq layihəsi mütəmadi şəkildə bütün seçkilərdə keçirilməklə dairə və məntəqə seçki komissiyaları üzvlərinin bilik, bacarıq və peşəkarlıq səviyyəsinin yüksəldilməsində olduqca mühüm rol oynayır.

Seçkilərə təqribən bir ay qalmış MSK aşağı seçki komissiyalarının maarifləndirilməsi məqsədi ilə 2 mərhələli treninq layihəsinə başladı. Birinci mərhələ çərçivəsində 20-23 noyabr tarixlərində Bakıda MSK-nın Treninq qrupu tərəfindən ”Trenerlər üçün treninq” keçirildi. Bu treninqlər zamanı hər seçki dairəsindən iki təmsilçi olmaqla dairə seçki komissiyalarının ümumilikdə 250-yə yaxın yerli treneri bələdiyyə seçkilərində səsvermə prosesi, müstəsna hallar, səslərin sayılması, nəticələrə dair protokolların doldurulması da daxil olmaqla səsvermə günü prosedurları barədə ətraflı məlumatlandırıldı və bilikləri daha da təkmilləşdirildi, səsvermə günü ortaya çıxa biləcək hallar praktiki məşğələlər yolu ilə aydın şəkildə izah edildi.

Layihənin dairə və məntəqə seçki komissiyalarının üzvlərinin cəlb olunduğu ikinci mərhələsinin də müəyyən olunan tələblərə uyğun və yüksək səviyyədə təşkil olunması üçün MSK-nın Treninq qrupu bütün lazımi məlumatları özündə əks etdirən xüsusi yardımçı slaydlar hazırlayaraq yerli treninq qruplarına təqdim etdi. Treninqlərin bu mərhələsi noyabrın 25-i başladı və dekabrın 3-dək uğurla davam etdi. Praktiki məşğələlərə geniş yer verilən treninqlərin tərtib olunan cədvəllər üzrə – əsasən 35-40 nəfərlik kiçik qruplar şəklində keçirilməsi onların interaktivliyinə və iştirakçıların mövzuları daha yaxşı mənimsəmələrinə imkan yaradırdı. Bütövlükdə treninq layihəsi aşağı seçki komissiyaları üzvlərinin seçki prosesi ilə bağlı ətraflı məlumatlandırılmasında əhəmiyyətli rol oynadı.

Seçici maarifləndirmə layihələri

Bələdiyyə seçkilərində seçicilərin maarifləndirilməsi də MSK-nın daim diqqət mərkəzində oldu və bu istiqamətdə intensiv şəkildə bir sıra layihələr gerçəkləşdirildi. Seçiciləri seçkilərdə aktiv iştiraka səsləyən, onları öz hüquqlarından sərbəst istifadə etməyə dəvət edən, səsvermə proseduru, çağırış xarakterli və s. mövzuları əhatə edən geniş tirajlı məlumatlandırma plakatları əhalinin xüsusilə sıx məskunlaşdığı və asanlıqla görünə bilən yerlərdə asıldı. Bütün bunlarla yanaşı, Seçki Məcəlləsinin tələbinə əsasən seçicilərin səs verəcəkləri seçki məntəqəsinin ünvanı, səsvermənin yeri və vaxtı, səsvermədə istifadə olunan şəxsiyyəti təsdiq edən sənədlərin siyahısı, səsvermə qaydası və digər aidiyyəti prosedurlarla bağlı maarifləndirmə xarakterli məlumatları özündə əks etdirən bildirişlər qanunvericilikdə nəzərdə tutulan müddətdə və qaydada seçicilərin sayına uyğun çap edildi və hər bir seçiciyə çatdırılması üçün aşağı seçki komissiyalarına göndərildi.

Komissiyanın həyata keçirdiyi maarifləndirmə proqramının bir qolu da ilk dəfə səs verən gənc seçiciləri əhatə etdi. Bələdiyyə seçkilərinə gənclərin daha fəal cəlb olunması və onların öz innovativ potensiallarından geniş istifadə edə bilmələri üçün hərtərəfli şərait yaradıldı, habelə gənclərin maarifləndirilməsi və məlumatlandırılması istiqamətində bir sıra layihələr həyata keçirildi. Gənclərin seçkilərdə aktiv iştiraka dəvət olunması məqsədilə MSK tərəfindən hazırlanan xüsusi video və audio çarxlar televiziya və radio kanalları vasitəsilə mütəmadi şəkildə yayımlandı. Bundan başqa seçkilərlə bağlı müxtəlif istiqamətlər üzrə maarifləndirmə səpkili audio və video çarxlar da bütün ölkə elektoratı ilə yanaşı, bələdiyyə seçkilərinə ilk dəfə qatılan 87 054 gəncin seçkilərlə bağlı məlumatlandırılmasında böyük əhəmiyyət daşıdı. Sözügedən çarxlar, həmçinin Komissiyanın internet səhifəsi və sosial şəbəkələrdə də yerləşdirilərək mütəmadi paylaşımlarla nümayiş etdirildi. Gənclərin fəallığının artırılmasına yönəlmiş bu kimi addımların nəticəsi idi ki, namizəd qismində bələdiyyə seçkilərinə qatılanların təxminən 27 faizini gənclər təşkil etdi.

MSK-nın seçici maarifləndirmə proqramı çərçivəsində gerçəkləşdirdiyi tədbirlər sırasında müsəlman şərqində ilk dəfə seçki hüququ qazanan Azərbaycan qadınlarının bələdiyyə seçkilərində aktivliyinin daha da yüksəldilməsinə yönələn layihələr də var idi. MSK-nın televiziya və radio kanallarında nümayiş etdirilməklə qadınları fəallıqla seçkilərə qatılmağa səsləyən video-çarxları ilə yanaşı, həm də KİV-də öz əksini tapan bu səpkili çoxsaylı məlumatlar bələdiyyə seçkilərində qadınların fəallığının artmasına öz töhfəsini verdi. Məmnuniyyətlə qeyd etmək lazımdır ki, bələdiyyə üzvlüyünə qeydə alınmış namizədlərin təxminən 30 faizini qadınlar təşkil edirdi.

Ədliyyə Nazirliyinin Penitensiar xidməti ilə birgə maarifləndirmə layihəsi

Seçkilərlə əlaqədar çoxsaylı maarifləndirmə layihələrindən biri də dekabrın 3-də Ədliyyə Nazirliyinin Penitensiar xidməti ilə təşkil edildi. Penitensiar xidmətin rəhbərliyinin, MSK təmsilçilərinin, Xidmətin Baş idarəsinin və cəzaçəkmə müəssisələrinin əməkdaşlarının iştirak etdiyi seminar-müşavirə qapalı müəssisələrdə bələdiyyə seçkilərinin təşkili və səsvermənin keçirilməsi ilə bağlı məsələlərə həsr olundu. Kütləvi informasiya vasitələri tərəfindən geniş işıqlandırılan tədbirdə MSK təmsilçiləri tərəfindən bələdiyyə seçkilərinə hazırlıq, penitensiar müəssisələrdə seçkilərin qanunvericiliyin tələblərinə uyğun keçirilməsi və səsvermə günü prosedurları barədə geniş məlumat verildi, müşavirə iştirakçılarını maraqlandıran məsələlərə aydınlıq gətirildi. Tədbir çərçivəsində iştirakçılara Seçki Məcəlləsi, MSK tərəfindən hazırlanan normativ-hüquqi sənədlərdən ibarət toplular, eləcə də yaddaş kitabçaları və digər metodiki vəsaitlər təqdim olundu.

Daxili İşlər Nazirliyi ilə birgə polis üçün regional seminarlar

MSK seçki subyektlərinin maarifləndirilməsi proqramı çərçivəsində polisin seçki prosesində rolu haqqında məlumatının artırılması məqsədi ilə AzərbaycanRespublikasının Daxili İşlər Nazirliyi ilə birgə 2-10 dekabrda Gəncə, Şəki, Şirvan və Bakıda seminar-müşavirələr keçirdi. Bələdiyyə seçkiləri ilə bağlı proseslərdə polisin qanunvericilikdə nəzərdə tutulmuş vəzifələrinin icrasının daha da təkmilləşdirilməsinə həsr edilən tədbirlərdə MSK üzvləri, Katibliyin əməkdaşları və Daxili İşlər Nazirliyinin məsul şəxsləri tərəfindən təqdimatlar edildi. Seminarlarda insan hüquqlarının qorunması, seçki qanunvericiliyi, səsvermə prosesi, onun mərhələləri və müddətləri, seçki kampaniyası dövründə və seçki günü ictimai asayişin təmin edilməsində polis əməkdaşlarının vəzifələri, səsvermədən sonrakı dövrdə seçki bülletenlərinin və digər seçki sənədlərinin dairə seçki komissiyasına və MSK-ya gətirilməsi zamanı zəruri təhlükəsizlik tədbirlərinin görülməsi, habelə seçki komissiyaları və polis orqanlarının birgə fəaliyyətinin əsasları barədə ətraflı məlumat verildi. MSK və Daxili İşlər Nazirliyi tərəfindən birgə hazırlanan "Polis əməkdaşlarının bələdiyyə seçkilərində iştirakına dair yaddaş" kitabçası da tədbir iştirakçılarına təqdim edildi.

İnformasiya texnologiyaları üzrə mütəxəssislər üçün praktiki seminarlar

Bələdiyyə seçkilərinə hazırlıq istiqamətində maarifləndirmə tədbirlərindən biri də dairə seçki komissiyalarının elektron məlumatların işlənməsini həyata keçirən informasiya texnologiyaları üzrə mütəxəssisləri üçün 10 - 11 dekabr tarixlərində MSK-da keçirilən praktiki seminarlar oldu. Dairə seçki komissiyalarının mütəxəssislərini Dövlət Avtomatlaşdırılmış İnformasiya Sistemi və onun yenilənərək daha da təkmilləşdirilən imkanları barədə ətraflı məlumatlandırmaq, sistemin proqram təminatlarından praktiki istifadə etmək, həmçinin iştirakçıları maraqlandıran məsələlərə əyani şəkildə yerindəcə aydınlıq gətirmək layihənin başlıca məqsədi idi. Seminarlarda bələdiyyə seçkiləri günü seçicilərin fəallığı və səsvermənin nəticələrinə dair protokol məlumatlarının birbaşa MSK-ya ötürülməsi üçün hazırlanan xüsusi proqram modullarından test rejimində istifadə imkanı yaradılması tədbirin səmərəliliyini yüksəltməklə yanaşı, sözügedən mütəxəssislərin praktiki biliklərini, peşəkar vərdişlərini və iş təcrübələrini daha da gücləndirdi.

Maarifləndirmə xarakterli digər layihələr

Bələdiyyə seçkiləri elan edildikdən sonra MSK qanunvericilikdə nəzərdə tutulan əsas hərəkət və tədbirlərin ardıcıl, sistemli və keyfiyyətlə həyata keçirilməsi, seçki subyektlərinə metodiki yardım göstərilməsi və onların seçki prosesindəki fəaliyyətlərinin sadələşdirilməsi məqsədilə Təqvim Planı təsdiq etdi. Təqvim Planı çap olunaraq aşağı seçki komissiyalarına paylanıldı, eləcə də bütün seçki subyektlərinin asanlıqla əldə edə bilmələri üçün Azərbaycan və ingilis dillərində MSK-nın rəsmi internet səhifəsində yerləşdirildi.

MSK seçki subyektlərinin maarifləndirilməsi proqramı çərçivəsində məntəqə seçki komissiyalarının üzvlərini seçki günü prosedurları ilə bağlı daha ətraflı məlumatlandırmaq məqsədilə "Seçki günü üçün yaddaş” kitabçası hazırladı. Nəşrdə seçki günü məntəqə seçki komissiyaları üzvlərinin rol və vəzifələri, seçki məntəqəsinin açılması, səsvermə saatlarında tədbirlər, məntəqənin bağlanması, səslərin hesablanması və səsvermənin nəticələrinə dair yekun protokolun doldurulması da daxil olmaqla bütün mərhələlər ətraflı şəkildə izah olunurdu. Seçki Məcəlləsinin müddəaları və MSK-nın qəbul etdiyi təlimat, izah və qaydalar əsasında hazırlanan yaddaş kitabçası seçki subyektlərinə çatdırılması üçün aidiyyəti ünvanlara paylanıldı, habelə internet səhifəsində yerləşdirildi. Bu yaddaş, həmçinin prosesə qatılan digər maraqlı seçki subyektlərinə də təqdim edildi.

Bələdiyyə üzvü seçilmək niyyətində olan vətəndaşların passiv seçki hüquqlarının reallaşdırılması üçün onlara metodiki yardım göstərmək və fəaliyyətlərinin daha da asanlaşdırılmasına imkan yaratmaq məqsədilə MSK "Namizədlər üçün yaddaş” kitabçası hazırladı. Nəşrdə bələdiyyə üzvlüyünə namizədliyin irəli sürülməsi və qeydə alınması ilə bağlı atılası addımlar, qeydə alınmış namizədlərin hüquq və vəzifələri, habelə onlara qanunla qadağan edilən məsələlər barədə ətraflı məlumat verilirdi.
Yaddaş kitabçası aidiyyəti üzrə çatdırılması üçün aşağı seçki komissiyalarına paylanıldı, eləcə də Komissiyanın internet səhifəsinə qoyuldu.

Bələdiyyə seçkilərində müşahidəçilərin maarifləndirilməsi məqsədilə "Müşahidəçilər üçün yaddaş” kitabçası nəşr edildi. Nəşrdə müşahidə aparılmasının prinsipləri əks olunur, eyni zamanda, müşahidəçilərin hüquq və vəzifələri izah edilirdi. Kitabçada müşahidəçilərin riayət etməli olduğu, həmçinin onlara qanunla qadağan edilən məsələlər barədə ətraflı məlumatlar verilirdi. Yaddaş kitabçası Seçki Məcəlləsi və MSK-nın təsdiq etdiyi normativ xarakterli aktlar əsasında Azərbaycan, ingilis və rus dillərində çap olundu, həmçinin Komissiyanın internet səhifəsində yerləşdirildi. "Müşahidəçilər üçün yaddaş” kitabçası beynəlxalq müşahidəçilərə çatdırılması üçün müvafiq qurumlara, eləcə də yerli müşahidəçilərə paylanması məqsədi ilə DSK-lara, siyasi partiyalara və müşahidə prosesində iştirak edən digər təşkilatlara təqdim olundu.

MSK "Polis əməkdaşlarının bələdiyyə seçkilərində iştirakına dair yaddaş” kitabçası da hazırladı. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi ilə birgə hazırlanan nəşrdə polis əməkdaşlarının seçkiqabağı təşviqat dövründə, seçki günü və seçki sənədlərinin daşınması və mühafizə olunması prosesində öz xidməti vəzifələrini yerinə yetirərkən atacağı addımlar, eləcə də rol və vəzifələri barədə ətraflı məlumat verilirdi. Yaddaş kitabçası polis əməkdaşlarına çatdırılması üçün aidiyyəti qurumlara və aşağı seçki komissiyalarına paylanıldı.

"Kütləvi informasiya vasitələrinin bələdiyyə seçkilərində iştirakına dair yaddaş” kitabçasında KİV-lərin seçki prosesində və seçkiqabağı təşviqat dövründə hüquq və vəzifələri aydın şəkildə izah edilir, həmçinin onlara qanunla qadağan edilən məsələlər barədə ətraflı məlumat verilirdi. Sözügedən yaddaş kitabçası da kütləvi informasiya vasitələrinə paylanıldı, həmçinin Komissiyanın internet səhifəsində yerləşdirildi.

İctimaiyyətin məlumatlandırılması

Bələdiyyə seçkilərinin cəmiyyət üçün yerli əhəmiyyət kəsb etdiyini nəzərə alaraq, MSK seçkilər təyin olunduqdan sonra KİV-lə əlaqələrini daha da intensivləşdirdi. Artıq illər ərzində formalaşmış bir ənənəyə çevrilmiş qaydada, KİV nümayəndələri komissiyanın iclasları barədə əvvəlcədən məlumatlandırılır, onlar MSK-nın təşkil etdiyi tədbirlərə dəvət olunur və informasiya əldə edirdilər. Seçkilərin hazırlanması və keçirilməsi prosesi ilə əlaqədar ictimaiyyətin məlumatlandırılması üçün bələdiyyə seçkilərinə start verildiyi gündən MSK tərəfindən müxtəlif aktual mövzuları əhatə edən brifinqlər keçirildi, seçkilərlə bağlı həyata keçirilən bütün layihələr haqqında məlumatları özündə əks etdirən mətbuat bülletenləri və məlumatlar respublikada fəaliyyət göstərən kütləvi informasiya vasitələrinə yayılırdı. Komissiyanın iclasları ilə yanaşı, keçirilən tədbirlərin də işıqlandırılması ilə bağlı mətbuatda müxtəlif xarakterli geniş sayda material, eyni zamanda MSK sədri, Komissiya üzvləri və Katibliyin əməkdaşlarının cari məsələlərə həsr olunan açıqlamaları dərc olundu. MSK-nın qərarları və təsdiq etdiyi digər normativ-hüquqi sənədlər, qanunvericiliyin tələbinə əsasən, "Azərbaycan” qəzetində dərc edildi və MSK-nın rəsmi internet səhifəsində yerləşdirildi. Seçkilərə start verildiyi gündən başlayaraq İctimai televiziyada hər həftə tamaşaçılar üçün daha baxımlı vaxtda efirə gedən "Xalq seçir” adlı maarifləndirmə proqramında MSK üzvləri və Katibliyin əməkdaşları bələdiyyə seçkiləri ilə əlaqədar fərqli mövzularla tamaşaçılar qarşısında çıxış etdilər. Bundan başqa, "Azərbaycan” qəzetində MSK təmsilçilərinin mütəmadi olaraq seçkilərlə bağlı bir sıra aktual məsələlərə həsr olunan hüquqi maarifləndirmə xarakterli geniş həcmli məqalələri dərc edildi.Kütləvi informasiya vasitələrinə müsahibələr verməklə aşağı seçki komissiyaları təmsilçiləri də seçki dairələrində seçkilərə hazırlıqla bağlı görülən işlər barədə seçiciləri və ictimaiyyəti məlumatlandırırdılar.
MSK-nın 2008-ci ildən bəri fəaliyyət göstərən seçkilərlə bağlı 115 nömrəli qaynar xətti də seçkilərdə iştirak edən tərəflərin etibarlı məlumat mənbəyinə çevrilməklə, ictimaiyyətin məlumatlandırılmasında mühüm rola malikdir. Avtomatlaşdırılmış telefon və elektron qaynar xətlərə bələdiyyə seçkiləri ərzində ümumilikdə 306 müraciət daxil oldu. Əksəriyyətini seçici siyahılarında adların mövcudluğu ilə bağlı suallar, səsvermə prosedurları, seçki məntəqələrinin yerləşdiyi ünvan və s. kimi mövzulara dair sorğular və digər hüquqi məsələlər təşkil edən bütün müraciətlər dərhal cavablandırıldı və operativ şəkildə müvafiq addımlar atıldı.

Namizədlərin irəli sürülməsi və qeydə alınması

Seçkilərə start verildiyi gündən bələdiyyə üzvlüyünə namizədlərin irəli sürülməsi kampaniyası başlandı. Bu mərhələ hər hansı bir xoşagəlməz hal baş vermədən şəffaf mühitdə sona çatdı və müxtəlif siyasi qüvvələrin fəallığı ilə yadda qaldı. Öz namizədləri ilə seçkilərə qatılmaq niyyətində olan 13 siyasi partiya tərəfindən səlahiyyətli nümayəndələrin qeydə alınması üçün MSK-ya ünvanlanan bütün müraciətlərə müsbət reaksiya verilərək, siyasi partiyaların təqdim etdiyi şəxslərin hamısı səlahiyyətli nümayəndələr kimi qeydə alındı.

Dairə seçki komissiyalarına öz təşəbbüsü ilə, seçicilərin təşəbbüs qrupları siyasi partiyalar tərəfindən olunan müraciətlərə qanunvericilikdə nəzərdə tutulmuş vaxtda və qaydada baxılaraq 1 606 bələdiyyə üzrə 42 769 nəfərin namizədliyi təsdiq olundu. Onlardan 14 604-nün namizədliyi siyasi partiyalar tərəfindən, 2-sinin namizədliyi təşəbbüs qrupları tərəfindən irəli sürülmüş, 28 163 nəfər isə öz təşəbbüsü ilə seçkilərə qatılmışdı. Seçkilərə qatılanlar arasında 35 siyasi partiyaya mənsub vətəndaşların olması bələdiyyə seçkilərinə ölkə ictimaiyyətinin müxtəlif siyasi baxışlı kəsimlərinin marağının aşkar göstəricisi idi.

Seçkilərdə iştirak edən bütün namizədlərə imzatoplama kampaniyasına başlamaq üçün vaxtında və lazımi sayda imza vərəqələri verildi, onlar sərbəst şəkildə imzatoplama kampaniyası həyata keçirdilər. Qeydiyyat üçün tələb olunan sayda seçici imzaları toplanan imza vərəqələri və digər sənədləri dairə seçki komissiyalarına təqdim edən 41 462 nəfərin namizədliyi qeydə alındı ki, bu da indiyədək Azərbaycanda keçirilmiş bələdiyyə seçkilərində rekord göstərici olmaqla, yerli özünüidarənin formalaşmasında ölkə elektoratına da geniş seçim imkanı yaratdı. Qeydə alınan namizədlərdən 14 353-ü 13 siyasi partiya tərəfindən, 2-si təşəbbüs qrupları tərəfindən irəli sürülmüş, 27 107-si isə öz təşəbbüsü ilə seçkilərə qatılmışdı.

Qeydiyyat mərhələsinin başlanmasından sonunadək namizədlərin sənədlərinin yoxlanılması prosesi bütün maraqlı şəxslər və ictimaiyyət üçün tam açıq və şəffaf şəkildə aparıldı. Belə ki, siyasi partiyaların, bələdiyyə üzvlüyünə namizədlərin səlahiyyətli nümayəndələri, müşahidəçilər və kütləvi informasiya vasitələrinin nümayəndələri istənilən an proseslə tanışlıq imkanına malik olmaqla onu birbaşa izləyə bilirdilər.

Qanunvericilikdə nəzərdə tutulan müddətdə və qaydada forması və sayı MSK tərəfindən təsdiq edilən seçki bülletenləri namizədlərin qeydə alınması mərhələsi başa çatdıqdan sonra çap olunmağa başladı və 1 606 bələdiyyə üzrə 5 020 287 seçki bülleteni vaxtında çap olunaraq dairə seçki komissiyalarına təqdim olundu.

Seçkiqabağı təşviqat

Namizədlərin qeydiyyatı mərhələsi başa çatdıqdan sonra seçki marafonunun mühüm fazalarından biri olan seçkiqabağı təşviqat mərhələsi başlandı. Seçkiqabağı təşviqat subyektlərinin öz təşviqatlarını aparmaları üçün qanunvericilikdə nəzərdə tutulmuş imkanların təmin olunması məqsədilə MSK başda olmaqla, aşağı seçki komissiyaları və digər əlaqədar qurumlar tərəfindən öz səlahiyyətləri daxilində lazımi tədbirlər görüldü, azad, ədalətli və şəffaf seçkilərin keçirilməsi üçün ölkə ərazisində bərabər şərtlərə əsaslanan seçkiqabağı təşviqat mühiti yaradıldı. Seçki Məcəlləsinin tələblərinə uyğun olaraq yerli icra strukturlarının köməkliyi ilə bələdiyyə seçkiləri keçirilən 118 seçki dairəsi üzrə 3 462 (1 778 açıq, 1 684 qapalı) yer ayrılaraq namizədlərin ixtiyarına verildi. Namizədlər sadəcə dairə seçki komissiyalarına məlumat verməklə həmin yerlərdən ödənişsiz istifadə edərək öz seçiciləri ilə sərbəst şəkildə seçkiqabağı toplantılarını keçirdilər. Təşviqat subyektləri daimi görüş yerləri ilə yanaşı, Seçki Məcəlləsi ilə müəyyən edilən digər imkanlardan da istifadə edərək öz seçicilərinə sərbəst şəkildə seçkiqabağı platformalarını çatdırırdılar. Seçki qanunvericiliyinin tələblərinə əsasən seçkiqabağı təşviqat kampaniyası dövründə plakatların və digər çap materiallarının yerləşdirilməsi üçün müxtəlif uyğun yerlər ayrılmaqla yanaşı, məhz bu məqsədlə əlavə vasitə kimi hər seçki məntəqəsinin ərazisində iki ədəd olmaqla, ümumilikdə on minə yaxın böyük ölçülü məlumat lövhəsi də quraşdırılmışdı. Bütün bunlarla yanaşı, bələdiyyə seçkilərinin iştirakçısı olan siyasi partiyalara və müstəqil namizədlərə kütləvi informasiya vasitələrində də sərbəst seçkiqabağı təşviqat imkanı yaradılması məqsədilə ödənişli efir vaxtı və dərc üçün yer təklif edən 19 media qurumu tərəfindən təklif edilən qiymət və şərtlər MSK-ya təqdim olundu, bu məlumatlar tanışlıq üçün Komissiyanın internet səhifəsində yerləşdirildi və bütün təşviqat subyektləri üçün şərtlərin bərabərliyi prinsipi daim nəzarətdə saxlanıldı.

2019-cu il noyabrın 30-dan start götürən seçkiqabağı təşviqat kampaniyası ümumən sivil və müasir tələblərə cavab verən şəraitdə keçdi və dekabrın 22-si saat 08:00-da başa çatdı.

Seçkilərdə aşkarlıq və şəffaflıq

Bələdiyyə seçkilərinin yerli xarakter daşımasına baxmayaraq, Azərbaycanda keçirilən digər seçkilər kimi bu seçkilər də yerli ictimaiyyətlə bərabər, müvafiq beynəlxalq (xarici) qurumların da diqqət mərkəzində oldu, çoxsaylı yerli və beynəlxalq müşahidəçilərin iştirakı ilə xarakterizə edildi. Aşkarlığın və şəffaflığın daha yüksək səviyyədə təmin olunması üçün həyata keçirilən layihələr və atılan ardıcıl addımlar 2019-cu il bələdiyyə seçkilərinin azad və ədalətli keçirilməsini şərtləndirən mühüm amillərdən idi. Bələdiyyə seçkilərini izləmək üçün MSK və dairə seçki komissiyalarında ümumilikdə 52 636 yerli müşahidəçi qeydiyyatdan keçdi. MSK-da akkreditasiya olunmaqla bütün ölkə ərazisində müşahidə aparmaq hüququ əldə edən 1 512 nəfərin 62-si siyasi partiyaları, 1 175-i qeyri-hökumət təşkilatlarını təmsil edirdi, 275 nəfər isə öz təşəbbüsü ilə seçkilərə qatılmışdı. Yerli müşahidəçilərin 51 124-ü dairə seçki komissiyalarında akkreditasiyadan keçməklə müvafiq seçki dairəsinin hüquqları daxilində müşahidə aparmaq hüququ əldə etdi ki, bu müşahidəçilərin də 20 424-ü 31 siyasi partiyanı, 2 524-ü 20 qeyri-hökumət təşkilatını, 1 498-i bələdiyyə üzvlüyünə qeydə alınan namizədləri təmsil edirdi, 26 678 nəfər isə öz təşəbbüsü ilə seçkilərin müşahidəsinə qatılmışdı.

Bələdiyyə seçkilərini 9 xarici qurumu təmsil edən 17 beynəlxalq müşahidəçi, habelə 3 beynəlxalq kütləvi informasiya vasitəsinin 7 təmsilçisi də yaxından izlədi. Yerli kütləvi informasiya vasitələri isə heç bir qeydiyyat tələb olunmadan, seçkilər elan olunduğu gündən səsvermə günü və ondan sonrakı dövr də daxil olmaqla, seçkilərlə bağlı bütün proseslərin müşahidəsində sərbəst iştirak etdilər.

Aşkarlığın və şəffaflığın daha yüksək səviyyədə təmin olunması üçün bütün digər vasitələrlə yanaşı, seçki praktikasında Azərbaycan təcrübəsi kimi tanınan və 2008-ci ildən bəri ölkəmizdə keçirilən bütün seçkilərdə müvəffəqiyyətlə gerçəkləşdirilən veb-kamera təcrübəsi bu seçkilərdə də uğurla tətbiq olundu. Məsələyə Komissiyanın iclasında baxılaraq o zaman işğal altında olan ərazilər istisna olmaqla, bütün ölkə coğrafiyasını əhatə edən 1 000 seçki məntəqəsində (seçki məntəqələrinin təqribən 20%-də) veb-kamera quraşdırılmasına qərar verildi, veb-kameralar quraşdırılmış məntəqələrin siyahısı KİV-də dərc olundu, eləcə də MSK-nın rəsmi internet səhifəsində yerləşdirildi. Veb-kameralar internet istifadəçilərinə həm ölkə daxilindən, həm də xaricdən MSK-nın internet səhifəsinə daxil olaraq, heç bir qeydiyyat tələb olunmadan seçki günü səsvermə, səslərin sayılması və nəticələrin müəyyənləşdirilməsi proseslərini arasıkəsilmədən əvvəldən axıradək canlı müşahidə etməyə və şəffaflığın miqyasının daha da genişləndirilməsinə imkan yaratdı. Gün ərzində veb-kameralara təxminən 66 faizi ölkə daxilindən, 34 faizi isə respublika hüdudlarından kənardan olmaqla, ümumilikdə 200 000-ə yaxın istifadəçi baxışı oldu.


MSK-nın internet səhifəsi

Əvvəlki seçkilərdə olduğu kimi, bələdiyyə seçkilərində də bütün lazımi məlumatlarınardıcıl və operativ şəkildə Komissiyanın internet səhifəsində (www.msk.gov.az, www.cec.gov.az, www.infocenter.gov.az) yerləşdirilməsi seçicilərin, maraqlı subyektlərin və ictimaiyyət nümayəndələrinin seçkilərlə bağlı dəqiq və dolğun məlumatlandırılmasına əhəmiyyətli töhfə verdi. Mütəmadi qaydada yenilənən bu məlumatlar proseslərin gedişi ilə əlaqədar şəffaflığın gücləndirilməsində mühüm rol oynamaqla yanaşı, seçki prosesinin iştirakçıları üçün informasiyanın asanlıqla əlçatanlığını təmin etdi.

Çevik və sistemli fəaliyyəti ilə istifadəçilərin ixtiyarında olan səhifədə respublikada keçirilən müxtəlif seçkilərə dair məlumatlar və seçkilərin əsas normativ-hüquqi bazası – Azərbaycan Respublikasının Konstitusiyası, Seçki Məcəlləsi, MSK tərəfindən qəbul edilən bütün təlimat, qayda, izah və qərarlar da mütəmadi və təxirəsalınmadan Azərbaycan və ingilis dillərində yerləşdirilib. Bələdiyyə seçkiləri ərzində MSK-nın fəaliyyətinə dair bütün informasiyalar, daxil olmuş müraciət və şikayətlərlə bağlı ətraflı məlumat, o cümlədən Ekspert qrupu üzvləri tərəfindən verilən rəylər və iclaslardan dərhal sonra isə MSK-nın müvafiq qərarları və iclasa dair məlumat bülletenləri internet səhifəsi vasitəsilə Azərbaycan və ingilis dillərində yerli və beynəlxalq ictimaiyyətə çatdırıldı. Qeyd edilənlərlə yanaşı, seçki dairələrinin və seçki məntəqələrinin dislokasiyası, seçicilərin axtarış sistemi, xüsusi naviqasiyalı proqram təminatı ilə seçicinin öz məntəqəsinə gedişi, seçki keçirilən 1 606 bələdiyyənin siyahısı və onlara seçiləcək üzvlərin sayı, hər bir bələdiyyəyə səsvermə keçirilən seçki məntəqələri, bələdiyyə üzvlüyünə namizədlərin irəli sürülməsi və qeydə alınması barədə məlumatlar, eləcə də seçki komissiyalarının tərkibi, ünvanı, əlaqə məlumatları, seçki məntəqələrinin ünvanı və xəritəsi, seçicilərin siyahısı, seçkiqabağı təşviqatla əlaqədar məlumatlar, mətbuat bülletenləri və ictimaiyyət üçün maraq kəsb edən digər informasiyalar MSK-nın internet səhifəsində yerləşdirildi və məlumatlar mütəmadi şəkildə yeniləndi.

Təkcə bələdiyyə seçkiləri günü MSK-nın internet səhifəsinə 280 000-dən çox istifadəçi baxışı oldu.

Seçki günü


Dekabrın 23-də 118 seçki dairəsi üzrə 5 049 seçki məntəqəsində 1 606 bələdiyyəyə seçkilər keçirildi. Seçki günü saat 08:00-da bütün ölkə üzrə səsvermə başlandı, seçicilər azad və sərbəst şəkildə seçki məntəqələrinə gələrək öz iradələrini ifadə etdi və ümumilikdə ölkə üzrə seçicilərin ümumi sayının 32,69 faizi səsvermədə iştirak etdi.

Seçki günü ərzində 5 dəfə – saat 10:00, 12:00, 15:00, 17:00, 19:00-da seçicilərin fəallığı barədə məlumatlar "Seçkilər” informasiya şəbəkəsi üzərindən xüsusi proqram təminatı vasitəsilə MSK-ya ötürülərək birbaşa internet səhifəsində yerləşdirilməklə ictimaiyyətə təqdim olundu. Respublikada fəaliyyət göstərən telekanallar gün ərzində MSK və aşağı seçki komissiyalarının fəaliyyətini işıqlandırmaq üçün canlı müsahibə və xəbər buraxılışları yayımladı, seçki məntəqələrindən MSK-ya daxil olan məlumatların işlənməsində birbaşa iştirak etdilər. Səsvermə başa çatdıqdan sonra isə fasiləsiz olaraq səslərin hesablanması həyata keçirildi. Yerli və beynəlxalq ictimaiyyətin seçkilərin nəticələri ilə tanış olması üçün səsvermə başa çatdıqdan bir neçə saat sonra seçki məntəqələrinin protokol məlumatları birbaşa onlayn rejimdə göndərilərək operativ şə-kildə MSK-nın internet səhifəsində oturdu və bunun ardınca seçki məntəqələrinin təqribən 92 faizindən olan məlumatlara əsasən ilkin nəticələr açıqlandı. Seçki məntəqələrindən məlumatların birbaşa qəbulu prosesi mütəmadi şəkildə davam etdirilərək qısa müddət ərzində bütün seçki məntəqələri üzrə ilkin nəticələr ictimaiyyətə təqdim olundu.

Seçki məntəqələrində səslərin hesablanması başa çatdıqdan sonra səsvermənin nəticələrinə dair protokollar və digər seçki sənədləri qanuna uyğun qaydada və müddətdə müvafiq yuxarı seçki komissiyalarına çatdırıldı.

Seçki günü MSK-ya heç bir rəsmi müraciət və ya şikayət daxil olmadı. Yalnız Komissiyanın qaynar xəttinə və elektron qaynar xətlərə ümumilikdə 220 sorğu xarakterli müraciət daxil oldu ki, bunlardan da 90-ı seçici siyahısı və məntəqələrin ünvanları, 130 müraciət isə hüquqi məsələlərlə bağlı və məlumatlandırma xarakterli idi. Qaynar xətt xidməti vasitəsilə daxil olan bütün müraciətlərə operativ şəkildə reaksiya verilərək lazımi addımlar atıldı.

Seçkilərə dair müraciətlərə baxılması


MSK-ya daxil olan müraciət və şikayətlər Seçki Məcəlləsinə və Avropa Şurası Venesiya Komissiyası ilə birgə işlənib hazırlanan "Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasına və dairə seçki komissiyalarına seçki hüquqlarının pozulması ilə əlaqədar şikayət və müraciətlərin verilməsi və onlara baxılması qaydaları haqqında Təlimat”a əsasən 9 nəfərdən ibarət Ekspert qrupu tərəfindən araşdırılır və Komissiya-nın iclaslarında müzakirə olunaraq müvafiq qərarlar qəbul olunurdu. Sözügedən prosedurlar müraciətlərin daha ətraflı və effektiv araşdırılmasını şərtləndirdi.

MSK bələdiyyə seçkiləri ərzində daxil olan bütün müraciətlərə dərhal reaksiya verərək, geniş və hərtərəfli araşdırmadan sonra müraciətləri Komissiyanın iclaslarına çıxarıb müvafiq qərarlar qəbul edirdi. Seçki hüququnun daha səmərəli təmin olunması və obyektivliyin qorunması üçün hər bir şikayətlə bağlı ətraflı araşdırma aparılır, şikayətlərə baxan ekspert qrupu üzvləri şahidlərlə görüşmək və məlumat verilmiş halları yoxlamaq məqsədilə lazımi addımlar atır, gəlinən rəy barədə Komissiyaya məlumat verir və Komissiya üzvlərinin səsverməsi nəticəsində şikayətlə bağlı yekun qərar çıxarılırdı. Arzu edən şikayətçilərin araşdırmada və MSK-nın müvafiq məsələyə dair iclasında iştirakı təmin edilir və müraciətlərə baxılması ilə bağlı iclaslar ərizəçilərin və digər maraqlı subyektlərin birbaşa iştirakı ilə keçirilirdi.

Şikayət və müraciətlərə baxılması prosesində şəffaflığın təmin olunması üçün ekspert qrupunun fəaliyyəti ərizəçilər, müşahidəçilər və digər maraqlı şəxslər üçün tam açıq olur, onlar araşdırma prosesi ilə bağlı mütəmadi qaydada məlumatlandırılır və prosesləri izləməyə dəvət olunurdular. Bundan başqa prosesin gedişi ilə əlaqədar bütün məlumatlar – müraciətin daxilolma nömrəsi, tarixi, saatı, müraciət edən şəxsin məlumatları, müraciətin məzmunu, onu araşdıran ekspert, araşdırmaya dair ekspert rəyi, MSK-nın araşdırma istiqamətində atdığı addımlar və qərarı Komissiyanın internet səhifəsində yerləşdirilir və davamlı yenilənirdi ki, bu da həm şəffaflığın təmin olunmasına, həm də vətəndaşların operativ informasiya əldə etməsinə rəvac verirdi.

Seçkilər təyin ediləndən səsvermə gününə kimi MSK-ya seçki qanunvericiliyinin pozulması barədə heç bir müraciət və ya şikayət daxil olmadı. Səsvermə günündən sonra isə, ümumilikdə 30 seçki dairəsi üzrə 40 bələdiyyəni (ölkə üzrə mövcud olan 1 606bələdiyyənin təqribən 2,5%-i) əhatə edən 49 müraciət daxil oldu. Müraciətlər seçki qanunvericiliyinə uyğun şəkildə MSK-nın ekspert qrupunun üzvləri tərəfindən, şikayətçilərin və maraqlı tərəflərin iştirakı ilə araşdırıldı, Komissiyanın iclaslarında hərtərəfli müzakirə olunaraq əsaslandırılmış qərarlar qəbul edildi. MSK-ya daxil olan müraciətlərin, habelə digər mənbələrdən əldə olunmuş material və sənədlərin araşdırılması nəticəsində Komissiyanın qərarı ilə 39 seçki məntəqəsində səsvermənin nəticələri ləğv edildi və 9 bələdiyyə üzrə seçkilər etibarsız sayıldı.


Bələdiyyə seçkilərinin yekunlarının elan edilməsi


Beynəlxalq qurumların və kütləvi informasiya vasitələrinin də iştirakı ilə MSK-nın 2020-ci il yanvarın 11-də keçirilmiş yekun iclasında geniş müzakirə olunduqdan sonra yekdilliklə qəbul edilən qərarda 39 seçki məntəqəsində səsvermənin nəticələrinin ləğv edilməsi, 9 bələdiyyə üzrə seçkilərin etibarsız sayılması, seçkilərin ümumi yekunları rəsmi təsdiq edilən bütün 1597 bələdiyyənin tərkibinin formalaşmasının (yalnız 2 bələdiyyə tam tərkibdə formalaşmadı) nəzərə alınması və bələdiyyələr üzrə seçilən üzvlərin siyahısının elan olunması öz əksini tapdı.


Seçkilərin hazırlanması, keçirilməsi və nəticələrin müəyyən olunması zamanı öz fəaliyyətində yol verdiyi nöqsanlara görə 12 seçki məntəqəsinin məntəqə seçki komissiyaları buraxıldı.

İclasda bələdiyyə seçkilərinin ümumi yekunlarına dair tərtib edilən MSK-nın yekun protokolu Komissiya üzvləri tərəfindən imzalanaraq təsdiqləndikdən sonra seçkilərə yekun vuruldu.