AZƏRBAYCAN RESPUBLİKASININ MİLLİ MƏCLİSİNƏ SEÇKİLƏRİN HAZIRLANMASI VƏ KEÇİRİLMƏSİ İLƏ BAĞLI TƏXİRƏSALINMAZ TƏDBİRLƏR HAQQINDA AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN SƏRƏNCAMI

AZƏRBAYCAN RESPUBLİKASININ MİLLİ MƏCLİSİNƏ
SEÇKİLƏRİN HAZIRLANMASI VƏ KEÇİRİLMƏSİ
İLƏ BAĞLI  TƏXİRƏSALINMAZ TƏDBİRLƏR HAQQINDA
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN SƏRƏNCAMI

Azərbaycan Respublikasının Milli Məclisinə 2005-ci il noyabrın 6-da keçiriləcək seçkilərə hazırlıq yekun mərhələyə daxil olmuşdur. Seçkilərə hazırlıq dövründə seçki komissiyalarının və icra hakimiyyəti orqanlarının gərgin işi nəticəsində zəruri təşkilati-hüquqi tədbirlər görülmüş və təşviqat işlərinin qurulmasında xeyli nailiyyətlər əldə olunmuşdur. Deputatlığa namizədlərin qeydiyyatı azad və mütəşəkkil şəkildə həyata keçirilmiş, onların qarşısında heç bir süni maneələr yaradılmamış və qeydiyyat zamanı subyektiv faktorların təsiri minimuma endirilmişdir. Seçki komissiyaları müasir avadanlıqla təchiz edilmiş və bu proses hələ də davam etməkdədir. 2000-dən artıq deputatlığa namizədin qeydə alınması, onların seçicilərlə çoxsaylı görüşləri, seçkiqabağı təşviqatın sərbəst surətdə və bərabər əsaslarla həyata keçirilməsi, televiziya və radio kanallarında debatların təşkili, əyani təşviqat vasitələrindən geniş istifadə olunması və sair hazırkı seçki kampaniyasını səciyyələndirən əsas xüsusiyyətlərdəndir.

 


Azərbaycanın bütün şəhər və rayonlarında vətəndaşların sərbəst toplaşmaq hüququnun həyata keçirilməsini təmin etmək məqsədi ilə müvafiq yerlər ayrılmışdır ki, bu da deputatlığa namizədlərin seçicilərlə görüşlərinin keçirilməsi üçün münasib şərait yaratmışdır. Təsisçiləri dövlət orqanları olan və ya dövlət büdcəsindən maliyyələşən teleradio təşkilatları seçki qanunvericiliyinə uyğun olaraq, 60-dan çox dairədə namizədləri qeydə alınmış siyasi partiyalara, siyasi partiyaların bloklarına bərabər şəkildə pulsuz efir vaxtı ayırmışlar və bu efir vaxtından seçki təşviqatı üçün aktiv istifadə edilir. Qeyd etmək lazımdır ki, dövlət teleradio kanallarından bu məqsəd üçün ayrılan efir vaxtının həcmi əvvəlki seçkilərlə müqayisədə iki dəfə artıqdır. Dövlət və özəl teleradio təşkilatlarında ödənişli efir vaxtından geniş istifadə edilir. Seçki praktikasında ilk dəfə olaraq seçici vəsiqələrindən istifadə edilir və bu iş digər ölkələrin təcrübəsi də nəzərə alınmaqla təkmilləşdirilməlidir. Onu da qeyd etmək lazımdır ki, bu il Azərbaycan üzrə bütün seçicilərin siyahısı İnternetdə yerləşdirilmişdir.


Bununla yanaşı, bəzi problemlərin həll olunmaması, Seçki Məcəlləsinin bir sıra tələblərinin pozulması halları haqqında daxil olan məlumatlar narahatlıq doğurmaya bilməz. Vətəndaşların sərbəst toplaşmaq azadlığının təmin edilməsində, seçici vəsiqələrinin paylanmasında və seçici siyahılarının tərtib edilməsində yol verilən nöqsanlar haqqında, həmçinin bəzi icra hakimiyyəti orqanlarının seçki prosesinə qanunsuz müdaxiləsi, inzibati resurslardan istifadə olunması, ayrı-ayrı namizədlər tərəfindən seçkiqabağı təşviqat zamanı qanunla qadağan olunmuş üsullara əl atılması və sair faktlarına dair şikayətlər daxil olmaqdadır.


Seçki praktikasının təkmilləşdirilməsi sahəsində görülən tədbirlərin səmərəliliyini artırmaq, Seçki Məcəlləsinin müddəalarının seçkilərə hazırlıq dövründə və səsvermə günü tam və şərtsiz həyata keçirilməsi, vətəndaşların seçki hüquqlarının daha dolğun təmin edilməsi məqsədi ilə qərara alıram:


1. Azərbaycan Respublikasının Milli Məclisinə təklif edilsin ki, "Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında” Azərbaycan Respublikası Qanunundan nizamnamə kapitalında xarici fiziki və hüquqi şəxslərin payı 30 faizdən artıq olan və ya başqa cür maliyyələşdirilən qeyri-hökumət təşkilatlarının Azərbaycan Respublikasında keçirilən prezident, Milli Məclis və bələdiyyə seçkilərini müşahidə etməsinə qadağanın götürülməsi məsələsini müzakirə etsin.


2. Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına tövsiyə edilsin ki:


2.1. seçici vəsiqələrinin paylanmsı və seçici siyahılarının dəqiqləşdirilməsi ilə əlaqədar yaranmış problemləri nəzərə alaraq, seçicilərin səsvermə günü seçki bülletenlərini aldıqları zaman barmaqların gözə görünməyən mürəkkəblə işarələnməsi qaydalarına dair müvafiq təlimatı qısa müddətdə hazırlayıb Mərkəzi Seçki Komissiyasının müzakirəsinə çıxarsın;


2.2. seçki komissiyalarına daxil olan seçki hüquqlarının pozulması haqqında şikayətlərə baxılma qaydalarına dair təlimatı qısa müddətdə hazırlayıb təsdiq etsin;


2.3. deputatlığa namizədlərin seçkiqabağı təşviqat kampaniyası zamanı yol verdikləri qanun pozuntularına dair qətiyyətli mövqe bildirsin, Qanunla ona verilmiş inzibati tənbeh səlahiyyətindən tam və dönmədən istifadə etsin;


2.4. məntəqə seçki komissiyalarında seçicilərin ünvanlarının tam göstərildiyi seçici siyahıları ilə bütün maraqlı şəxslərin tanış olmaları üçün müvafiq şərait yaradılmasını təmin etsin.


3. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinə tapşırılsın ki, şəxsiyyəti təsdiq edən heç bir sənədi olmayan vətəndaşlara seçki gününədək şəxsiyyət vəsiqələrinin verilməsini təmin etsin.


4. Azərbaycan Respublikası Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi, "Azərenerji” Səhmdar Cəmiyyəti və yerli icra hakimiyyəti orqanları dairə və məntəqə seçki komissiyalarının yerləşdiyi binaların rabitə və elektrik enerjisi ilə fasiləsiz təmin olunmaları üçün zəruri tədbirlər görsünlər.


5. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinə və yerli icra hakimiyyəti orqanlarına tapşırılsın ki, "Sərbəst toplaşmaq azadlığı haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq siyasi partiyalara, siyasi partiyaların bloklarına və deputatlığa namizədlərə müəyyən olunmuş yerlərdə kütləvi tədbirlər və seçkiqabağı təşviqatın keçirilməsi üçün bütün zəruri şəraiti yaratsınlar.


6. Azərbaycan Respublikasının Baş Prokuroruna tövsiyə edilsin ki, seçki günü vətəndaşların seçki hüquqlarının pozulması ilə əlaqədar Mərkəzi Seçki Komissiyasından daxil olan cinayət tərkibli olması ehtimal edilən məlumatları təcili araşdırsın və cinayət əməlləri törətməkdə təqsirli bilinən şəxslərin məsuliyyətə cəlb edilməsini təmin etsin.


7. Aidiyyəti dövlət orqanları "Azərbaycan Respublikasında seçki praktikasının təkmilləşdirilməsinə dair” Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 11 may tarixli Sərəncamında nəzərdə tutulan tapşırıqların yerinə yetirilməsi ilə əlaqədar müvafiq hesabatları beş gün müddətində Azərbaycan Respublikasının Prezidentinə təqdim etsinlər.


8. Bu Sərəncam imzalandığı gündən qüvvəyə minir.


İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 25 oktyabr 2005-ci il.