Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının bəyanatı

Azərbaycan Respublikasının Dağlıq Qarabağ regionunu və onun ətrafında yerləşən yeddi rayonu zəbt edərək, yüz minlərlə azərbaycanlı dinc əhalini doğma torpaqlarından didərgin salmış işğalçı Ermənistan Respublikası BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələlərini və işğal olunmuş torpaqların azad edilməsi haqqında dünya ictimaiyyətinin tələblərini uzun illərdir ki, qulaqardına vurur. İşğal edilmiş Dağlıq Qarabağ regionunda yaradılmış qondarma, heç bir dövlət tərəfindən tanınmayan "DQR”-də bu il avqustun 8-də "yerli özünüidarəetmə orqanlarına” qanunsuz "seçkilərin” keçirilməsi cəhdləri beynəlxalq hüquq normalarına, Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına zidd olmaqla, münaqişənin sülh yolu ilə həlli istiqamətində aparılan mövcud prosesə mənfi təsir göstərəcəkdir.


Azərbaycan Respublikasının Konstitusiyasına görə, heç bir sosial qrup, təşkilat və şəxs hakimiyyətin həyata keçirilməsi səlahiyyətini mənimsəyə bilməz. Konstitusiyanın 142-ci maddəsinə əsasən yerli özünüidarəetmə orqanları olan bələdiyyələrə seçkilər bu Konstitusiya və digər müvafiq qanunlarla myəyyən edilmiş qaydalara uyğun keçirilməlidir. Azərbaycan Respublikası Seçki Məcəlləsinin 18-ci maddəsi müəyyən edir ki, ölkə ərazisində yerli özünüidarə orqanlarına seçkilər yalnız Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası tərəfindən keçirilə bilər.


İşğalçı Ermənistanın hökumət dairələrinin və separatçıların Dağlıq Qarabağ regionundan qovulmuş on minlərlə yerli azərbaycanlı, rus və digər millətlərdən olan seçicilərin iştirakı olmadan Konstitusiyadankənar "yerli özünüidarəetmə orqanlarına seçkilər" keçirmək cəhdləri həmin vətəndaşların seçki hüquqlarının kobud şəkildə pozulması deməkdir. Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası Azərbaycanın dövlət suverenliyinə və ərazi bütövlüyünə qarşı yönəlmiş belə "seçkiləri” qanunsuz hesab edir və tanımır.


Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası bəyan edir ki, Dağlıq Qarabağ regionunda qanuni yerli özünüidarə orqanlarının formalaşması yalnız işğal olunmuş torpaqlar tam azad edildikdən, Azərbaycanın ərazi bütövlüyü bərpa olunduqdan, məcburi köçkünlərin öz daimi yaşayış yerlərinə qayıtmasından sonra Azərbaycan Konstitusiyası əsasında keçirilə bilər.


Azərbaycan Respublikasının
Mərkəzi Seçki Komissiyası

Bakı şəhəri, 7 avqust 2004-cü il